10.4 Doğum prosesi
Boğazlıq dövrü doğum ilə başa çatır. Doğuşun başlaması əlamətləri özünü aşağıdakılar ilə göstərir:
- Cinsiyyət dodaqlarının genişlənməsi;
- Axıntının axmağa başlaması (doğumdan 1-2 gün əvvəl);
- Süd axıntılarının başlaması;
- Narahat davranışlar – arxa ayaqların sağa-sola hərəkəti, tez-tez peyinləmək.
Doğuş prosesi özü 3 mərhələdə baş verir.
1. Açılma mərhələsi (orta hesabla 3 saat davam edir) – Doğuş suyunun təzyiqi ilə doğuş yolu genişlənir və şar formasını alır.
2. Genişlənmə mərhələsi və doğuş (doğuşa 1-3 saat qalmış) – Doğuş suyu tökülür və buzovu doğum kanalı vasitəsilə çölə itələməyə başlayır.
3. Doğuş sonrası mərhələ (3-8 saat sonra) – Sonun (ətənə) gəlməsi.
Doğuşun başlaması əlamətləri müşahidə edildikdən sonra doğulacaq buzov üçün yer hazırlanır və ehtiyac olduqda doğuşa kömək üçün gözlənilir. Doğuş yaxşı saman səpilmiş təmiz yerdə olmalıdır. Buzovlar saxlanılacaq bokslar təmizlənməli, dezinfeksiya edilməli və yetərli qədər saman səpilməlidir.
Aşağıdakı doğuma yardım tədbirləri görülməlidir.
- Doğuşa tez müdaxilə etmək olmaz! Hər doğum təbii proses olaraq vaxta ehtiyac duyur və bunun üçün sakit şərait yaratmaqla gözləmək lazımdır.
- Doğuş yeri, atqıları və mayesini təmizləyin və ərazini dezinfeksiya edin.
- İsti və soyuq su, həmçinin sabunu hazır vəziyyətdə saxlayın.
- Doğuş prosesinə müdaxilə yalnız ayaqlar göründükdə ayaqlardan yalnız birinin içəridə qaldığı hallında edilməli, bu zaman digər ayaq çölə çıxardılaraq eyni anda eyni səviyyədə çəkilməlidir (10 kq çəkini çəkməyə bərabər güc səviyyəsində).
- Doğuş başlamasından 1 saat sonraya qədər ancaq dırnaqlar görünürsə, deməli, buzov təbii doğuş üçün böyükdür. Baytar həkimin müdaxiləsi tələb olunur.
- Doğuşa mexaniki yardım təlim keçmiş əməkdaş və ya baytar həkim tərəfindən aparılmalıdır. Çünki hər hansı qaydaya uyğun olmayan əməl inək və buzov üçün ağrılara və itkiyə səbəb olur.
- Doğuşdan sonra inəyə isti su verilməlidir.