9.3.1 Damazlıq məqsədinin müəyyənləşdirilməsi
Damazlıq məqsədinin müəyyənləşdirilməsi təsərrüfatda mövcud heyvanların cins tərkibi və xüsusiyyətlərindən, həmçinin qarşıya qoyulmuş ümumi iqtisadi məqsədlərdən asılı olaraq müəyyənləşdirilə bilər. Bəzi təsərrüfatlar sürü üzrə süd məhsuldarlığının yüksəldilməsini damazlıq məqsədi olaraq müəyyənləşdirirsə, digəri üçün südün yağlılığının yüksəldilməsi və ya yelin quruluşunun yaxşılaşdırılması damazlıq məqsədi ola bilər. Damazlıq məqsədi təsərrüfat tərəfindən müəyyənləşdirilir.
9.3.2 Məhsuldarlıq göstəricilərinin yoxlanması
Məqsədli və uğurlu seleksiya işi aparmaq üçün çarpazlaşdırılan hər iki cüt üzrə məhsuldarlıq göstəriciləri üzrə dəqiq məlumatların mövcud olması çox vacibdir. Məhsuldarlıq göstəricilərinin yoxlanması bir neçə əlamət üzrə aparılır. Bura süd məhsuldarlığı, eksteryer qiymətləndirilməsi, bala vermə göstəriciləri və s. aiddir. Ümumilikdə cütləşdiriləcək cütlər üzrə aşağıdakı məhsuldarlıq göstəriciləri üzrə qiymətləndirmə aparılır:
• Fərdi məhsuldarlıq göstəricilərinin qiymətləndirilməsi
• Varislərin (övladlarının) məhsuldarlıq göstəricilərinin qiymətləndirilməsi
• Genetik tam bacı-qardaşların məhsuldarlıq göstəricilərinin qiymətləndirilməsi
• Genetik yarım bacı-qardaşların məhsuldarlıq göstəricilərinin qiymətləndirilməsi
• Əcdadların məhsuldarlıq göstəricilərinin qiymətləndirilməsi
Cütün fərdi məhsuldarlıq göstəricisi olaraq süd və ət məhsuldarlığı göstəriciləri əsas yoxlanılır. Süd məhsuldarlığında laktasiya müddətində (305 gün) verdiyi süd miqdarı ilə yanaşı, südün yağ və zülal tərkibi nəzərə alınır. Cütlərin əcdad və varisləri üzrə məhsuldarlıq göstəriciləri, əsasən, cütləşmə üçün sperma (toxum) təklif edən damazlıq təşkilat və birliklər tərəfindən təqdim edilir. Həmçinin cütlərin pasportunda bu haqda məlumatlar mövcud olur.