Konstitusiyası möhkəm olub, çoxunda zərifliklə uyğunlaşır ki, bu da onun südlük keyfiyyətinin qüvvətli inkişaf etdiyini göstərir. Rəngi qonur, açıq və tünd qonurdur. Şvis malının xüsusi əlamətləri (belində ensiz zolaq, ağzının ətrafında ağ haşiyə və s.) Qafqaz qonur malında da mühafizə olunmuşdur. Başı orta uzunluqdadır; buynuzları tünd boz rəngli, ucları qaradır. Cidovu hündür deyildir, dalı və beli düzdür. Əzələsi kifayət qədər inkişaf etmişdir. Qafqaz qonur malı südlük-ətlik tipli maldır. Lakin tərkibində südlüyə meyl göstərənləri də vardır. Bədəni mütənasibdir, sümüyü və əzələsi yaxşı inkişaf etmişdir. Azərbaycanda Qafqaz qonur malının orta süd məhsuldarlığı 2100-2600 kq-dır. Südün yağlılığı 3,8- 3,9%-dir. Üç dəfə və daha çox doğmuş inəklərin diri çəkisi 400-470 kq, yaşlı buğaların diri çəkisi isə 700-800 kq-dır. Ayrı-ayrı fərd buğalar 900 kq diri çəki verir.
8.1.2 Qırmızı Qazax malı
Azərbaycanın qədim və xalq seleksiyası əsasında yaradılmış yerli cinslərindən biri də Qırmızı Qazax malıdır. Rəngi qızılı qırmızı, bəzən də tünd qırmızıdır. Qırmızı Qazax malı möhkəm konstitusiyalı, mütənasib gövdə quruluşuna, normal yelin formasına malik olmaqla, çətin iqlim şəraitinə dözümlülüyü və normal bala verməsi ilə fərqlənir. Çətin doğuş halları az təsadüf olunur.
Qırmızı Qazax malına Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayonlarının fermer təsərrüfatlarında rast gəlinir.