7.7 Kökəltmə üzrə əsas gəlir və xərc maddələri
Gəlir maddələri
Kökəltmədə əsas gəlir maddəsi olaraq ət (və ya diri çəki) və peyindən əldə edilən gəlir hesab edilir. Kökəldilmiş heyvanlar diri çəki ilə kəsim və emal müəssisələrinə satıla bilər və ya kəsilərək son istehlakçı və ya emal müəssisələrinə satıla bilər. Azərbaycan Respublikasında heyvanların diri çəkidə (kəsilmədən) satışı k/t məhsullarının satışına aid edilir və vergidən azad edilmişdir. Heyvanlar kəsilərək satıldıqda artıq bu emal prosesi kimi qəbul edilir və vergiyə cəlb edilir. Əksər hallarda heyvanlar k/t müəssisələrində diri çəkidə satılır. Bu zaman heyvan satışından gəlir onun diri çəkisi üzrə hər kq üçün müəyyənləşən qiymət əsasında hesablanır. Məsələn, diri çəkisi 400 kq olan və kq-ı 4.6 AzNdən hesablanan heyvan satışından əldə edilən gəlir 1840 AzN (400 x 4.6) bərabərdir.
Heyvanlar kəsilərək satıldığı halda və ya ət olaraq hesablanıb satıldıqda onun ət çıxımı mühüm rol oynayır. Ət çıxımı heyvanın diri çəkisinin neçə %-nin ət olduğunu ifadə edən göstəricidir. Məsələn, diri çəkisi 450 kq, ət çıxımı 52% və 1 kq ətin qiyməti 9.5 AzN olduğu halda satışdan əldə edilən gəlir aşağıdakı kimi hesablanır.
450 kq x 52 % = 234 kq ət x 9.5 AzN/kq = 2223 AzN
Peyin satışı ət satışı qədər əsas gəlir mənbəyi hesab edilməsə də, müəyyən qədər gəlir formalaşdırır. Peyinin satılması və ya təsərrüfat daxili istifadəsindən asılı olmayaraq, onun dəyəri kökəltmədə tanınır və hesablanır. Orta hesabla kökəltmədə olan heyvanın kökəltmə müddəti və çəkisindən asılı olaraq 6.5-7.7 m3 peyin şirəsi (maye və quru peyin) və ya 0.2-0.4 ton quru peyin əldə edilir. Bu həcm bazar qiymətinə vurulmaqla gəlirin həcmi hesablanır.
Xərc maddələri
Kökəltmə üzrə əsas istehsal xərcləri aşağıdakılardır:
• Dəyişən xərclər
o Yem xərcləri
o Baytarlıq dərman və preparat xərcləri
o Alınan buzovun xərci
o Əməkhaqqı xərcləri
• Sabit xərclər
o Amortizasiya xərcləri
o Digər xərclər (su, elektrik və s.)