7.6 Kökəltmə təsərrüfatında rast gəlinən xəstəliklər
Kökəltmədə olan heyvanlarda müxtəlif xəstəlik və zədələnmələr müşahidə edilir ki, onlar da heyvanların zəifləməsi, müxtəlif müalicə xərcləri və bəzi hallarda isə heyvanların tələf olması ilə nəticələnir. Ən çox təsadüf edilən xəstəliklər və zədələnmələrə aşağıdakıları aid etmək olar:
• Laminit (dırnaq dərisi iltihabı)
• Həzm orqanları xəstəlikləri (işkəmbənin artıq turşuluğu və s.)
• Maddələr mübadiləsi xəstəlikləri (ketoz, ciyər yağlanması)
• Dəri zədələnmələri (tövlə daxili dəmir və digər konstruksiyalara toxunma zamanı yaranan zədələnmələr)
• Oynaq və dırnaq zədələnmələri (beton döşəmədən qaynaqlanan zədələnmələr)
• Ağciyər və tənəffüs yolları xəstəlikləri
Təsərrüfatlarda ən çox zərər verən xəstəlik kimi tənəffüs yolları xəstəliklərini vurğulamaq olar. Bu xəstəlik iqtisadi baxımdan böyük itkilərə səbəb ola bilir. Əsasən, heyvan saxlanılan qruplarda heyvan sayının normadan artıq olması, tövlə daxili havalandırma sistemindən (qaz konsentrasiyasının yüksək olması, hava sirkulyasiyasının yaxşı olmaması və s.) qaynaqlanan problemlərdən yaranır. Xəstəliyi aşağıdakı simptomlar vasitəsi ilə müəyyən etmək olar.