Şəkil. Çəki artımı
Ümumilikdə intensiv kökəltmədə heyvanlar maksimum 600 kq-a qədər saxlanılır. Daha yüksək çəkiyə nail olmaq iqtisadi səmərəli hesab edilmir. Belə ki, 600 kq-dan yuxarı heyvanların gündəlik yem sərfiyyatı xərcləri onun gündəlik çəki artımından yüksək olur və iqtisadi səmərəli hesab edilmir.
Qida maddələrinə tələbat diri çəki və gündəlik çəki artımına uyğun dəyişir.
Enerji tələbatı – südlük maldarlıqda olduğu kimi kökəldilən heyvanlarda da Meqacoulla (MJ ME) ölçülür. İnəklərdə olduğu kimi, kökəltməyə verilən heyvanlar da orqanizmi saxlamaq üçün gündəlik enerjiyə ehtiyac duyurlar. Amma enerji ehtiyacı mövcud çəki və çəki artımına əsasən ümumi hesablanır.
Heyvanın diri çəkisi artdıqca onun yem qəbul etmə qabiliyyəti də artır. Yemləmədə quru maddə qəbulu diri çəkinin 2%-i götürülür. Kökəltmənin əvvəlində quru maddə qəbulu diri çəkinin 2.5%-i qədər arta, sonunda isə 1.4%-i qədər azala bilər.
Diri çəki dəyişdikcə protein və minerallara olan tələbat da dəyişir. Kökəltmə zamanı yetərli səviyyədə protein təminatı nə qədər önəmli olsa da, paralel olaraq amin turşuları ilə təminat vacibdir. Amin turşuları ilə təchizat yetərli səviyyədə olmadıqda heyvanın erkən vaxtlardan piylənməsinə səbəb olur.