Ölkədə otlaq şəraitinin vəziyyəti və iri buynuzlu qaramalın bəslənməsinə məhdudiyyət olduğundan ölkəmizdə az istifadə edilir.
Hansı kökəltmə formasının tətbiqindən asılı olmayaraq, kökəltmə təsərrüfatları qaramalın kökəldilməsi zamanı aşağıdakıları diqqətə almalıdır:
• Buzovların cins mənsubluğu, çəkisi və bədən kondisiyasına görə seçilməsi;
• Heyvanların xəstəlik və zərərvericilərə qarşı vaksinasiyası və mübarizə tədbirlərinin aparılması;
• Enerji və protein ehtiyacına uyğun yemləmə planının hazırlanması;
• Heyvanların uçotu, çəki artımının izlənməsi;
• Qaba və qüvvəli yem qarışığı rasionunun tətbiqi.
7.2 Qida maddələrinə olan tələbat
Kökəltmə üçün saxlanılan qaramal cinsləri üzrə fərqli çəki artımına nail olmaq olur. Kökəldilən heyvanın cinsindən asılı olaraq istehsal məqsədləri müəyyənləşdirilir. Kökəltmə üçün, əsasən, ətlik cinslər saxlanılır ki, onların da diri çəki artımı yüksək olur. Əsas ətlik cinslər olaraq Şaroli (Charolais), Limuzin (Limousin) və Anqus (Angus) cinslərini göstərmək olar. Həmçinin sırf ətlik cinslər ilə yanaşı, ətli-südlük cins olan simmental və sviss kimi cinslərdə də kökəltmə geniş istifadə edilir. Südlük cins olan Holşteyn-friz cinsinin erkək buzovları da kökəltmə məqsədi ilə saxlanıla bilir, lakin çəki artımı aşağı olur.
Kökəldilən heyvanların qida maddələrinə olan tələbatı hədəflənən gündəlik çəki artımından asılıdır. Çəki artımının özü də heyvanın yaşı artdıqca dəyişir. Kökəltmənin əvvəli çəki artımında yüksəliş müşahidə edilir və 250-450 kq arasında maksimuma çatır və stabilləşir. Kökəltmənin son dövründə isə gündəlik çəki artımında azalma müşahidə edilir.