Təlim nəticəsi 7 – Qaramalın kökəldilməsi
7.1 Kökəltmənin məqsədi və növləri
Qaramalın kökəldilməsi əhalinin mal ətinə olan tələbatını ödəmək məqsədi ilə aparılır. Bu zaman qaramal sürətli diri çəki (ət) artımı üçün yemlənir və kökəltmə prosesində hədəflənən diri çəkiyə çatdıqda kəsim üçün verilir. Kökəltmə üçün saxlanılan qaramalın cinsindən asılı olaraq kökəltmənin müddəti və üsulu dəyişir. Ümumilikdə qaramalın kökəldilməsi zamanı aşağıdakı istehsal məqsədləri müəyyənləşdirilir:
• Kökəldilən qaramalın ət çıxımında 50-55%-ə nail olmaq;
• Kökəldilən heyvanda yüksək əzələ nisbətinə nail olmaq;
• Yüksək gündəlik çəki artımına nail olmaq – qaramalın cinsindən asılı olaraq gündəlik çəki artımı 800-1800 qram arasında dəyişə bilir;
• Minimum itkilərə nail olmaq – cinsdən asılı olaraq itkilər 3-6% arasında dəyişə bilir.
Kökəltmə üçün heyvanların əsas hissəsini südlük maldarlıq sahəsində doğulan erkək buzovlar təşkil edir. Erkək buzovlar südlük maldarlıq sahəsindən ayrılma müddətindən asılı olaraq 2 cür kökəltməyə verilə bilər.
• Südlə yemləmə dövrü – doğuşdan 2 həftə sonra buzovlar kökəltməyə verilir və bu zaman kökəltmə buzovların südlə bəslənməsi ilə başlayır və yaşa uyğun kökəltmə rasionları ilə davam etdirilir.
• Südlə yemləmə dövrü bitdikdən sonra – bu zaman buzovlar südlə yemləmə dövrü başa çatdıqdan sonra, yəni doğuşdan 10-12 həftə sonra və 80-100 kq çəkidə kökəltməyə verilir. Kökəltmə nisbətən daha yuxarı çəkidə, yəni 200 kq çəkidən də başlayaraq aparıla bilir.
Erkək buzovların kökəltməyə cəlb edilmə yaşından asılı olmayaraq, kökəltmə südlük maldarlıq təsərrüfatının daxilində ayrıca bir istiqamət olaraq aparıla bilər və ya sırf qaramal kökəltmə təsərrüfatlarında icra edilə bilər. Dünya üzrə tez-tez rast gəlinən praktika ondan ibarətdir ki, südlük maldarlıq təsərrüfatları daha çox süd istehsalı və damazlıq üzrə ixtisaslaşır və erkək buzovları kökəltmə üzrə ixtisaslaşmış təsərrüfatlara satır.
Ümumilikdə saxlama forması və intensivlik dərəcəsinə görə kökəltmə aşağıdakı formalara görə fərqləndirilir: