Yuvanın yanına yem, su, içi quru qum və kül (kül-qum vannası) ilə doldurulmuş yeşik qoyurlar.
Bu vaxt hinduşkaları bütöv dən və quru un qatışığı ilə gündə 1-2 dəfə yemləyirlər. Kürt hinduşkanı 5-10 dəqiqə gəzməyə buraxırlar. Əgər o, yuvadan çıxmırsa və yemə yaxın getmirsə, onu ehtiyatla götürüb yem qabının yanına gətirirlər. Bunu hinduşka yemək üçün yuvadan özü sərbəst çıxana qədər edirlər.
Hinduşka yem dənləyən zaman yumurtaları gözdən keçirirlər ki, əzilmiş yumurtaların olub-olmadığı müəyyən olunsun. Bundan başqa, 7-8-ci gün və cücə çıxmasına 2 gün qalmış yumurtalara işıqda baxır və embrionları ölmüş yumurtaları kənarlaşdırırlar. Hind quşlarının balaları adətən 28-ci gün yumurtadan çıxır. Çıxım zamanı kürt hind quşlarını həyəcanlandırmaq, əllə toxunmaq, yaxud yuvadan çıxartmaq olmaz. Hind quşları bir qayda olaraq, öz problemlərinin öhdəsindən özləri gəlir. Tam çıxışa qədər qurumuş körpələri hind quşlarının altından çıxarır və təmiz quru saman döşənmiş yeşiyin içərisinə yığaraq isti (28-30°C) yerə qoyurlar. Hind quşlarının balaları boyunlarında "mərcanlar" (boyunda dəri fırları) əmələ gələnədək soyuğa və nəmliyə çətin dözür.
Bütün yumurtalardan çıxış qurtarandan sonra körpələr ananın yanına buraxılır. İki hind quşundan əldə olunmuş balaları onlardan birinin yanına buraxmaq olar, lakin bunu ilk günlərdə etmək lazımdır. Kürt hind quşu 30-40 balaya analıq edə bilir.
İlk 10-12 gündə hind quşlarının balalarını sutkada 8-10 dəfə, sonra isə 5-6 dəfə yemləyirlər. Birinci yemləmə üçün təzə qatıq çox yaxşıdır, sonrakı günün sabahından bərk bişirilmiş yumurtalar, 2 saatdan sonra isə şor və yenidən yumurta vermək məsləhətdir. Bundan başqa, axşam yemə yaxşı ələnmiş qarğıdalı, darı, yaxud arpa unu əlavə edirlər. İlk iki gün ərzində nəzarət edirlər ki, bütün balalar qidalansın.