Hörmətli oxucu, iqtisadiyyatın bir çox sahələri kimi, respublikada quşçuluğun daha da inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Quşçuluq sənayenin elə bir sahəsidir ki, ona çəkilən xərci qısa müddətdə ödəyir. Azərbaycanda quşçuluq sahəsi son illər sürətlə inkişaf edir. Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəyir, bundan başqa, xarici ölkələrə ixrac potensialının da yaradılması nəzərdə tutulmuşdur. İntensiv inkişaf sayəsində ölkə quş əti, yumurta istehsalı ilə özünü ilin müəyyən dövrlərində tam da olsa təmin edir. Belə ki, bu ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 30,4 min ton quş əti, 342,9 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 10,2 milyon baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 106 ədəd yumurta alınıb.
Quşçuluq sahəsinə daim dövlət dəstəyi göstərilir, 2009-cu ildən başlayaraq Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kreditlər verilir. Nəticədə yeni quşçuluq kompleksləri inşa olunur, fəaliyyət göstərən fabriklər yenidən qurulur və müasir avadanlıqla təchiz edilir.
Bu gün quş məhsulları istehsalı əvvəlki illərə nisbətən bir neçə dəfə artıb. İllik quş əti istehsalı 100 min tona, yumurta istehsalı 1,5 milyard ədədə çatıb. Ölkə əhalisinin quş məhsullarına olan tələbatı demək olar ki, yerli istehsal hesabına tam təmin olunur.
Quş əti məhsullarının istehsalı ilə məşğul olan kiçik və böyük təsərrüfatlarda, quşçuluqda yemlənmə, baytarlıq, zootexnika və müasir avadanlıqlarla təchizat məsələlərinə də yüksək diqqət yetirilməlidir.
Respublikada fəaliyyət göstərən fermer təsərrüfatlarında quşçuluğun inkişafını əsaslı surətdə yaxşılaşdırmaq məqsədilə onun intensiv texnologiya əsasında inkişaf etdirilməsinə xüsusi diqqət verilməlidir. Məlumdur ki, bu məqsədə çatmaq üçün quşların normaya uyğun, tələb olunan səviyyədə saxlanması, keyfiyyətli yemlə təmin edilməsi, quş saxlanan tövlələrin standartlara cavab verməsinin qiymətləndirilməsi və nəzarəti tələb olunur.
Kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması və eyni zamanda sağlam qidalanma üçün quşlara düzgün qulluq və sanitar-gigiyenik qaydalara riayət edilməsi və bəslənməsi olduqca vacib amillər hesab edilir.
Fermer təsərrüfatlarında ortaya çıxan problemlərdən biri də qazlar, ördək, hind quşları və toyuqlarda infeksion xəstəliklərdən maksimum dərəcədə qorunmanı təşkil etməkdir.