Hind quşları +5 və +10°C temperaturda yaxşı yumurtlayır. Quş binasının tikilməsində bunu nəzərə almaq vacibdir. Binada hər quşa 1 kv.m sahə ayrılmalı, 7 sm enində taxta reykalardan tarlar düzəldilməlidir. Onları döşəmədən 70-80 sm hündürlükdə, bir-birindən 60 sm aralı yerləşdirirlər. Hər 4 hind quşuna bir yuva asır, yaxud yerləşdirirlər. Dişi hind quşu əvvəlcə 4-6 gün yumurtlayır, sonra 1-2 gün fasilə verir, bundan sonra yeni tsikl başlanır. Damazlıq mövsümünün sonuna yaxın tsikllər qısalır, fasilələr isə uzanır. Qış dövründə binanın əlavə işıqlandırılması yumurtlamanı yaxşılaşdırır. Yumurtlamanın başlamasına 1-1,5 ay qalmış döşəmədən 2 m hündürlükdə bir, yaxud iki elektrik lampası asırlar ki, döşəmə yaxşı işıqlansın. Elektrik işığının köməyi ilə işıq gününü 13-14 saata qədər uzadırlar. Hind quşlarında analıq instinkti çox yaxşı inkişaf etmişdir, lakin bəzən yumurtlayan hind quşlarının 4-5-ni ayrıca bölmədə yerləşdirərək yanlarına bir erkək hind quşu buraxırlar. Qışda hind quşları mümkün qədər çox təmiz havada saxlanılmalıdır. Onlar piylənməyə digər ev quşlarına nisbətən daha meyllidir ki, bu da yumurta məhsuldarlığına mənfi təsir göstərir. Ona görə hinduşkaları hərəkətdə çox olmağa məcbur etmək lazımdır. Qış və yaz aylarında yumurtlama və kürt düşmə dövründə onların yem paylarına qurudulmuş yonca, xa°a, gicitkən, həmçinin yerkökü əlavə etmək çox xeyirlidir.
Hind quşları damazlıq mövsümündə çox vaxt arıqlayır, nəticədə yumurtaların mayalanması azalır. Bu, baş verməsin deyə, erkəkləri əlavə olaraq cücərdilmiş vələmir dəni ilə yemləyirlər. Cütləşmə zamanı erkəklər bəzən iti caynaqları ilə dişilərin belini yaralayır. Odur ki, erkəklərin dırnaqları hər mövsüm ərzində iki dəfə kəsilməlidir. Kürt düşmüş hind quşları mart və apreldə yuvalara qoyurlar. Kürt hind quşunun altına onun öz bədəni ilə (qanadlarını düzəltmədən) örtə bildiyi miqdarda yumurta qoyurlar (təxminən 17-19 ədəd). Cücə çıxartmaq üçün yuvaları döşəmə üzərində, hava temperaturunun +10°C olduğu qaranlıq yerdə düzəldirlər. Əvvəlcə yuvaya 5-8 sm qalınlığında torpaq qatı tökür, həmçinin üstünə quru, sıxlaşdırılmış saman döşəyirlər. Samanla bütün bucaqları doldururlar ki, yumurtalar künclərə diyirlənməsin.