Başları orta ölçülü, dimdikləri isə qısa, narıncı rəngli, boz və ya qara halqalı olur. Boyunları qısa, yoğun, döşləri isə enli olur. Bədənləri də enli və qısa, narıncı rəngli ayaqları enli olur. 1 yaşa yaxınlaşanda qarınlarında bir və ya iki piy yığımı əmələ gəlir. Dişilərin diri çəkiləri 4.7-5.7 kq, erkəklərin isə 5.5-6.5 kq olur. 20-30 yumurta verirlər, bala çıxarmaları isə 70-75% olur.
5.6 Hind quşu
Hind toyuğu dünyanın bir çox ölkələrində yayılmışdır. Onların əti çox dadlıdır. Azərbaycanda ən çox qara, tunc və ağ enlidöş hind quşu cinslərinə rast gəlmək olar. Onlar ətinin yaxşı keyfiyyəti ilə seçilir, tez böyüyür və müxtəlif şəraitə asanlıqla uyğunlaşır. Onların oval formalı gövdələri, enli döşü, tük örtüyü ağ və sıxdır. Kökəltmə zamanı 120-günlük yaşda diri çəkisi 6-7 kq-a çatır. Cavan hinduşkalar 8-9 aylıq yaşda yumurta qoymağa başlayır, yumurtlama müddəti ildə 6 aya qədərdir. Bir il ərzində yumurtlayan hind toyuqlarından 80-90 q ağırlığında 100-110 yumurta əldə etmək mümkündür.
Tunc hind quşlarının tük örtüyü qara rəngdə olur, budlarında yaşıl rənglər var. Onlar yumurtalarının yüksək dərəcədə mayalanması ilə fərqlənir, 7-8-aylıq olanda yumurtlamağa
başlayır. Hind toyuğu otlaq quşudur və otarılanda çəkisini yaxşı artıra bilir. Əgər otarmağa yer yoxdursa, onda gəzinti üçün meydança ayrılmalı və hinduşkanı orada yemləmək lazımdır. Lakin onun üçün ən vacibi saxlanma yerinin quru və təmiz olmasıdır. Hind quşları 15°C şaxtaya asanlıqla dözür. Ət çıxarı hind quşunun nə qədər yumurtlamağından asılıdır.