Qazlar əsasən şimal ölkələrində mart-aprel aylarında, cənub ölkələrində isə avqust və sentyabr aylarında yumurta qoymağa başlayırlar. Balanın çıxması üçün temperatur, nəmlik və yumurtanın optimal çəkisi önəmlidir. Biz dəstədəki qazların sayını artırmaq məqsədi ilə qazların daşıdıqları yumurtalardan cücələr çıxarmaq istəyirik. Bəs yumurtaların yaxşı mayalanmaları üçün onlara necə qulluq etmək və nə ilə yemləmək lazımdır? Havadan asılı olmayaraq quşların yanına həmişə isti su ilə dolu vedrə qoyulmalıdır. Suya isə bir neçə damcı marqans və ya yod qatın. Əgər bu, yoxdursa, suya bir neçə ovuc ağac külü töküb qarışdırmaq olar. Qazlar bu su ilə lələklərini təmizləyəcəklər. Eyni zamanda diqqət yetirmək lazımdır ki, onların altlıqları yaş olmasın.
Erkək qazlara yulaf, buğda və xırdalanmış noxud vermək lazımdır. Dişi qazlara isə vitaminli yem - duzlu və ya təzə kələm, balqabaq (bişmişi daha məsləhətlidir), xırdalanmış kök vermək zəruridir.
Qazlar otyeyən quşlardır. Buna görə qışa onlar üçün ot qırıntıları (saman) yığmaq məsləhətlidir. Lakin tərkibində az da olsa çürüntü olmamalıdır. Yığılmış bu quru otu qışda isti suda qarışdıraraq tərkibinə quşlar üçün qarışıq yem əlavə etmək olar.
Göstərilmiş bütün yemləri qazlara verməzdən qabaq duzlamaq lazımdır. Həm də həftədə 2-3 dəfə qazlara mayalı xəmir vermək də yaxşı nəticə verir. Yuvalarına buğda samanı qoyun. Hər bir dişi qazın ayrı yuvası olsa daha yaxşı olar. Lakin bir yuvanın olmasının heç bir mənfi cəhəti yoxdur. Forma və rənginə görə yumurtalar seçilirlər, bunu hər kəs özü nömrələyə və ya nişanlaya bilər.