Burada bu işə yeni başlayanların bir çox suallara cavab tapması üçün ətraflı məlumat var.
Erkək və dişi qazların seçilməsi
Erkək və dişi qazları bir sıra xüsusiyyətlərinə görə seçmək olar. Dişi qazlar yumurta qoymağa başlayan kimi onları ayırmaq lazımdır. Çünki erkək qaz dəstədə olarkən özünə bir dişi qaz seçir və digərləri onu maraqlandırmır. Əgər onları ayırıb 2-4 dişi qazla yerləşdirsələr, onlar hər bir dişi qazla maraqlanmağı özlərinə borc bilirlər.
Yaxşı erkək qazın qanadlarında iki kiçik lələk olur. Bu lələklər qayçıya oxşadıqlarına görə bunu qayçı adlandırırlar. Erkəkdə belə qayçı olmadıqda onu, dişilər üçün ayırmaq məsləhət görülmür. Belə erkəklər birdişili olur və çoxaltmaya yaramır. Yaxşı dişi qazlar isə quyruqlarında 16, 18 və ya 20 böyük lələyi olanlardır. Belə qazları ayırıb ailələrə bölmək olar. Belə ailələr 2-4 dişidən və bir erkəkdən ibarət olur.
Qaz hini isti və təmiz olmalıdır.
Dişi qazların aktivlikləri saxlanıldığı yerin temperaturdan asılı olur. Əgər temperatur -2-dən aşağı və ya +25-dən yuxarı olarsa, yumurtalar mayalanmamış olur. Erkəklərin ən yaxşı aktivlik temperaturu isə +1-dən +23-ə qədərdir. Həm də hində təmizliyin gözlənilməsi də vacibdir. Quşların ayaqları altında quru və dərin altlıq olmalıdır. Belə halda onların lələkləri sıx olur və onları soyuqdan qoruyur.
Əgər onların altlıqları nəm və çirkli olarsa, quşların lələkləri pırpızlaşır və bədənin temperaturunu saxlamır. Belə olduğu halda qazlara soyuq olur və onlar bədənlərinin temperaturunu saxlamaq üçün daha çox yeməyə çalışırlar. Nəticədə onların cinsi maraqları zəifləyir. Əlavə olaraq qazların yumurta qoyduqları yuvaları da təmiz saxlamaq lazımdır. Vaxtında yuvanı peyindən təmizləmək lazımdır. Əks halda yumurtalara infeksiya düşə və cücələr ölə bilər.