Divar yerli materiallardan olmaqla külək və soyuqdan mühafizə məqsədi ilə daxildən yaxşı suvanır ki, istiliyi özündə saolasın. Damın döşəməsi ağacdan ya da taxtadan olduqda üstünə 20 sm qalınlığında qumlu torpaq tökülməlidir. Bəzən döşəmə asfalt və ya sement beton örtükdən də olur. Bu zaman bina hökmən yeraltı sulardan qorunmalıdır. Belə ki, döşəmə yerin səthindən ən azı 20-30 sm hündürlükdə olmalıdır. Bundan əlavə, 30 m2-dən bir hava təmizləyici qurğu qoyulmalıdır ki, orada rütubət və qoxu olmasın. Damda cücələr döşəmə səthinə görə yerləşdirilir. Yaxşı olar ki, hər m2 sahəyə 18-20 baş cücə düşsün.
Cücələrin gündəlik yem norması onların yaşlarına və istiqamətlərinə görə tərtib edilir.
Yem vahidində mineral maddələr və vitaminlər də nəzərə alınmalıdır. Körpə cücələrə birinci beşgünlükdə bişmiş yumurta, buğda umacı, təzə göy ot, əzilmiş balıqqulağı və sair verilir. Yumurta təmiz suda qaynadılmalı və sonra qabıqla birlikdə əzilib doğrandıqdan sonra yem şəklində verilməlidir. Yemə əlavə 2-3% xörək mayası qatmaq da məsləhətdir. Bu halda maya hüceyrələrin və bakteriyaların artması ilə yemdə vitaminlərin miqdarını çoxaldır.
Körpə cücələrin sağlam böyüməsi üçün havanın nəmliyi və həddən artıq quru olmamasını təmin etməkdən ötrü cücə damlarında daim yoxlamaq üçün termometr olmalıdır. Termometr qızdırıcı cihazdan 50-60 sm aralıda və döşəmədən 10 sm hündürlükdə ölçülür.
İstilik normal qaydada olduqda cücələr gümrah, lələkləri hamar olur, yemi həvəslə yeyir, suyu qədərincə içir və çəkinin tez artmasını təmin edir.
Su qablarda həmişə təmiz su olmalıdır. Cücələri mədə-bağırsaq xəstəliklərindən mühafizə etmək üçün suya 1:10.000 nisbətində kalium hipermanqanat qatılır.
Cavan quşlarda maddələr mübadiləsinin normal vəziyyətdə aparılması körpə cücələrə yaxşı baxılmasından çox asılıdır. Belə ki, isladılmış yem qarışığı 30 günlüyə qədər cücələrə gündə 3-4 dəfə, sonra isə 2-3 dəfə verilir. On günlüyə qədər cücələr hər iki saatdan bir, sonra 30 günlüyədək 3 saatdan bir yemlənir.
Cücələrin düzgün norma ilə yemlənməsi, bol məhsul əldə etmək, quşların sağlam böyüməsi üçün düzgün yem rasionundan istifadə edilməlidir.
Belə ki, körpə cücələrin sağlam böyüməsi üçün aprel ayının əvvələrindən saxlamağa başlanması məqsədəuyğundur.
Quşçuluq təsərrüfatlarında 40 günlüyə qədər otaq şəraitində, 45-50 gündən başlayaraq sərbəst gəzintiyə buraxılır.