Sellüloza ilə zəngin və enerji dəyəri aşağı olan yemlərin verilməsi cavanların inkişafını ləngidir, ancaq digər tərəfdən məhsuldarlıq dövrünü uzatmaqla yumurta məhsuldarlığını xeyli artırır. Bütün hallarda qarışıq yemlərin tərkibinə E vitamini 10mq/kq qatılmalıdır.
Cavan toyuqlara, fərələrə yem ilk 4 həftə ərzində və 20 həftəlikdən sonra tələbata uyğun verilir, həmin aralarda isə məhdud miqdarda qarışıq yem verilir. Yumurtadan çıxmış 1-2 günlük cücələrə yemin axura deyil, karton üzərinə səpilməsi məsləhət görülür. Mümkün qədər süni işıqlandırmanın gücü və müddəti uzadılmalıdır ki, cücələr həvəslə yem yeməyə vərdiş etsin. İlk günlər işıqlar fasiləsiz, yəni 23,5 saat yanmalı, 10 həftə keçdikdən sonra isə tədricən 8-9 saata endirilməlidir. Yenidən 18 həftəlik cavanlar üçün günün işıqlı vaxtı həftədə 0,5 saat artırılır və 20-ci həftədə gündə 12 saata çatdırılır. Təxminən elə bu dövrdə yumurtlamaya başlayarkən rejimə əməl olunmalıdır.
4.7 Cavan və yumurtlayan toyuqların saxlanmasında qoyulan tələblər
Cavan quşların-fərələrin yetişdirilməsi, yumurtlamağa başlayan toyuqların səmərəli istifadəsinə və məhsuldarlığına nail olmaq üçün mütləq texnoloji parametrlərə əməl edilməlidir.
Cədvəl 8. Cavan quşların yetişdirilməsi və yumurtlayan toyuqların saxlanması zamanı vacib normativlər
Quşların yaşı, həftələr | Yem qablarının uzunluğu, sm | 100 baş quş üçün yem qabının uzunluğu, m | Qu qablarının uzunluğu, sm | 1 su qabına görə quşların baş sayı |
1 | Yemləmə lövhəsi | 0,25 | 0,5 | 6-7 |
2-4 | 3 | 1,5 | 1,0 | 6-7 |
4-8 | 6 | 3,0 | 1,5 | 5-6 |
9-15 | 10 | 5,0 | 2,5 | 4-5 |
16-20 | 12 | 6,0 | 3,0 | 3-5 |
Yumurtlayan toyuqlar | 10-14 | 5-7 | 3,0 | 2-6 |
Mənbə: L.Durst, M.Vittman. - Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi (dərslik), Bakı, Qapp-Poliqraf 2005.