Cədvəl 7. Yumurtlayan toyuqların suya olan tələbatı (baş/gün)
Havanın temperaturu | Su/yem nisbəti | Canlı kütlə, kq | ||
1,75 | 2 | 2,25 | ||
-7 | 1,5:1 | 180 ml | 190 ml | 203 ml |
+4 | 1,7:1 | 204 ml | 216 ml | 230 ml |
+12 | 1,9:1 | 228 ml | 241 ml | 257 ml |
+16 | 2,0:1 | 240 ml | 254 ml | 270 ml |
+27 | 2,5:1 | 300 ml | 317 ml | 333 ml |
+38 | 5,0:1 | 600 ml | 635 ml | 665 ml |
Mənbə: L.Durst, M.Vittman. - Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi (dərslik), Bakı, Qapp-Poliqraf 2005.
4.6 Cücələrin və cavan toyuqların yetişdirilməsi
Cücə və cavan toyuqların bəslənməsində əsas məqsəd az yem məsarif etməklə yüksək məhsuldarlığa və baş sayının sağlam saxlanmasına nail olmaqdan ibarətdir. Bundan ötrü quşların optimal saxlanma şəraiti, yəni havanın normal temperaturu, qaz tərkibi, toyuqların sıxlığı və balanslaşdırılmış yem payı ilə yemləndirilməsi təmin edilməlidir. Toyuqlar yumurtlamağa 5-6 aylığında başlayır.
Yumurtadan çıxan cücələrin qidaya, xüsusilə vitaminlərə və mineral maddələrə olan ehtiyacı ilk günlərdən sarılıq kisəsi və sarılıq kütləsi hesabına ödənilir. Lakin yaşlandıqca qida maddələrinə tələbat kəskin surətdə artır. Birinci ilk həftə ərzində yemdə xam proteinin miqdarı 22%, enerji dəyəri 11,7 meqacoul/kq tələb olunduğu halda, 13-cü həftədə müvafiq olaraq 12 % və 10,9 meqacoul/kq olmalıdır. Yem qarışığında amin turşularının optimal miqdarına əməl olunmadıqda boy artımı ləngiyir. Tərkibində kükürd olan amin turşularının azlığı isə lələklənməyə, yəni tüklənməyə mənfi təsir göstərir. Cavan quşlar, yəni fərələr üçün hazırlanmış qarışıq yemlərin verilməsi yumurtlamaya 4 həftə qalmış dayandırılır və tədricən yumurtlayan toyuqlar üçün nəzərdə tutulan qarışıq yemlərə keçmək lazımdır.