Balıq unu, zülal və mineral əlavə isə diqqət çəksə də salmonellyoz baxımından təhlükə doğurur. Baş verən təhlükəni sovuşdurmaq üçün qarışığa 0,5-1 % qarışqa və propion turşusu əlavə olunur.
Döşəmə üzərində saxlanma şəraitində dən yemlərinin 20 %-ə qədəri xırdalanmamış bütöv halda verilir. Döşəməyə səpilən dəni quşlar dənləyərkən nəmliyin xeyli qismi ventilyasiya hesabına buxarlanır. Adətən quşlar buğda və xırda qarğıdalı dənini daha iştaha ilə yeyirlər.
Enerjinin miqdarına görə konkret yumurta məhsuldarlığına uyğun gələn səpilən yemlərə məhdudiyyət qoyulmaya bilər. Səpilən yemlər gündə 2 dəfə verilir və yem itkisinin qarşısını almaq üçün müvafiq tədbirlər görülür.
4.5 Toyuqların suya olan tələbatı
Quşlar istədiyi vaxt suya olan tələbatını ödəməlidir. Hətta bircə saatlıq məhdudiyyət onların yumurta məhsuldarlığına təsir göstərir. Suya tələbat ilk növbədə yeyilən yemin miqdarından, tərkibindən və ətraf mühitin temperaturundan asılı olaraq dəyişir. Normal lələklənmiş quşlar üçün optimal temperatur 14-18°C sayılır. Toyuqların suya olan tələbatı avtomatik su qabları ilə (novlu, fincanlı və s.) ödənilir.
Qəfəsdə saxlanılan quşlara qəfəsin hər birində 2 fincan su qabı quraşdırılır. Onlardan bir işləməzsə, o birinin aramsız işləməsi təmin olunmalıdır. Quşların suvarma sisteminə çən qoşulduqda vaksin, dərman və yem əlavələrinin qatılması xeyli asanlaşır.