Mikrob fermentasiya sayəsində xam sellülozanın bir qismi aşağı molekullu uçucu yağ turşularına çevrilməklə sorularaq enerji mənbəyi kimi istifadə olunur. Mikroorqanizmlər, həmçinin B qrupu vitaminləri və K vitamini sintez etməklə orqanizmin ehtiyacını qismən də olsa ödəyir.
Yemin həzm yollarında az müddətdə qalması fermentativ və mikrobial həzm olmanı azaltdığından mənimsənmə digər heyvanlara nisbətən aşağı olur. Məhsuldarlığı yüksək həddə çatdırmaq üçün yem payına tərkibində sellüloza az olan və yaxşı mənimsənilməsilə seçilən yemlər qatmaq lazımdır.
Yem payı və yemin miqdarı, nəinki yumurtlama məhsuldarlığına və qabığın möhkəmliyinə, həmçinin cücə çıxarma göstəricisinə də ciddi təsir göstərir. Yumurta sarısının rəngi isə yemin tərkibində olan boya maddələrinin rənginə uyğun gəlir.
4.1 Yem amillərinin yumurtanın tərkibinə təsiri
Yumurtanın sayı, kütləsi və yumurtlamağa təminat verən amillər sırasında orqanizmin qida maddələrinə ehtiyacının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Yumurta məhsuldarlığının intensivliyi dedikdə, bir qayda olaraq 100 baş yumurtlayan toyuqdan gün ərzində alınan yumurtanın sayı nəzərdə tutulur. Yumurtanın çəkisi yumurtlayan toyuqların canlı kütləsi ilə düz mütənasib gəlir və 40-75 qramdan artıq ola bilər. Ancaq müxtəlif növ quşlarda yumurtanın tərkib hissələri heç də eyni olmur. (Cədvəl 1)
Cədvəl 1. Müxtəlif növ quşlarda yumurtanın tərkib hissələrinin nisbəti, %-lə
Quşun növü | Yumurtanın sarısı | Yumurtanın ağı | Yumurtanın qabığı |
Qaz | 35,6 | 51,6 | 12,8 |
Hind toyuğu | 32,9 | 55,9 | 11,2 |
Ördək | 35,8 | 53,9 | 10,3 |
Toyuq | 31,8 | 58,1 | 10,1 |
Göyərçin | 18,8 | 70,9 | 10,3 |
Turac | 34,7 | 56,7 | 8,6 |
Mənbə: L.Durst, M.Vittman. - Kənd təsərrüfatı heyvanlarının
yemləndirilməsi (dərslik), Bakı, Qapp-Poliqraf 2005.