9. Pis tənzimləyicisi olan ucuz inkubatorlar almayın. Bu halda material vasitələrinizi və yumurtaları itirəcəksiniz.
Cücələr həyatlarının 1-ci ayında maksimum diqqət və qayğı tələb edirlər, əsasən, birinci 10 gün ərzində.
Cücələr ana toyuğun nəzarəti altında böyüyəndə təsərrüfat sahibinin işi rahat olur. Çünki ana toyuq onlara qida qəbul etməyi öyrədir və onları soyuqdan və təhlükələrdən qoruyur. Birinci gündən o, öz cücələrini gəzməyə çıxarır. Ana toyuqsuz böyüyən cücələri, əsasən, soyuqdan qorumaq və temperatur rejimini gözləmək lazımdır. Kiçik hinlərdə bunu elektrik lampasının və ya məişət qızdırıcısının köməyi ilə etmək olar.
Optimal temperaturda cücələr hərəkətli, iştahalı olurlar və bir yerə yığılmırlar.
Cücələrin birinci 5 sutkasında temperatur rejimi yerdən 5 sm hündürlükdə 31-30°C olmalıdır. 6-cı gündən 10 günə qədər 30-28°C, 11- ci gündən 15-ci günə qədər 28-26°C, 16 - 20 günlüklərində 26-24°C, 21- ci gündən 25-ci günə
qədər isə 24-22°C olmalıdır. 26-cı gündən cücələr saxlanılan yerdə temperatur 20-18 C°olmalıdır.
Cücələrin yemlənməsinə, onları tövləyə salan kimi dərhal başlamaq lazımdır. Onlar gün ərzində su və yemlə təmin olunmalıdır. Birinci gün cücələrə xırdalanmış dən (buğda, darı, qarğıdalını, arpa və yulaf) yedirirlər - 1 başa - xırdalanmış dən 6 qram, bişmiş yumurta - 2 qram (1 yumurta 25 cücəyə), təzə pendir - 1 qram, təzə süd - 5 qram, göyərti - təxmini 2 qram.
5-6-cı gündən cücələrin rasionu: taxıl toz qarışığından hazırlanmış yem - 10 qram, yumurta - 3 qram, pendir - 2 qram, süd - 7 qram, göyərti - 7 qram, əzilmiş tabaşir - 0.3 qram, balıq yağı - 0.1 qram.
10-cu gündən etibarən yumurta verilmir. Birinci 5 sutka ərzində yemləmə gündə 8 dəfədən az olmayaraq, sonra isə yavaş-yavaş gün ərzində 3 dəfə yemləmə aparılmalıdır.