Onlar kəsilmiş heyvanların ət və ət məhsullarını baytarlıq - sanitariya ekspertizasından keçirərək, dövlət baytarlıq nəzarətində olan ət kombinatı, yaxud bazarlara göndərilməsi üçün "İlkin baxış" damğası ilə nişanlayırlar.
1.4. Baytarlıq damğa və ştampları rayon və şəhər dövlət baytarlıq müfəttişinin rəsmi icazəsi əsasında müvafiq qanunvericiliklə müəyyən olunmuş formada və ölçüdə bürünc, yaxud paslanmayan metaldan hazırlanır. Baytarlıq ştampları rezindən də hazırlana bilər.
1.5. Ət məhsullarını nişanlama səlahiyyətinə malik olan və baytarlıq damğası və ştampını işlətmək üçün icazə verilən baytar mütəxəssislərini rayon və şəhər dövlət baytarlıq müfəttişləri müəyyən edir.
1.6. Ətin nişanlanması baytarlıq-sanitariya ekspertizası aparıldıqdan sonra həyata keçirilir.
1.7. Damğa ətin nişanlanmasına hüququ olan baytar mütəxəssisində saxlanılır.
1.8. Ətin nişanlanmasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qida məhsulları ilə təmasına icazə verilən boyalardan istifadə olunur.
Qaydaların yerinə yetirilməsinə nəzarət və məsuliyyət
• Nişanlama hüququ almış baytar mütəxəssisləri ətin baytarlıq- sanitariya baxımından qiymətləndirilməsinə məsuliyyət daşıyırlar.
• Heyvanların kəsimi və kəsimdən əldə edilən məhsulların emalı ilə məşğul olan təsərrüfatların, müəssisə və təşkilatların soyuducularının və nəqliyyat xidmətlərinin rəhbərləri, həmçinin heyvan sahibləri bu Qaydalara əməl olunması üçün məsuliyyət daşıyırlar.
• Bu Qaydaların icrası bütün baytar mütəxəssisləri, mülkiyyət formasından asılı olmayaraq, heyvan və quşların emalı ilə məşğul olan təsərrüfat, müəssisə və təşkilatların, bazarların, soyuducuların rəhbərləri, həmçinin fiziki şəxslər üçün məcburidir.
• Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, ticarət və ictimai iaşə müəssisələrinə cəmdəkdə, yarım və dörddə bir cəmdəklərdə oval baytarlıq damğası və müşayiətedici baytarlıq şəhadətnaməsi (sertifikatı) olduğu hallarda ətin qəbuluna, emalına və satışına icazə verilir.
• Bu Qaydalara əməl olunmasına nəzarət dövlət baytarlıq nəzarəti orqanlarına həvalə edilir