9.1.2 Soyudulma
Quşları soyuducu kameralarda və ya buzlu suda soyudurlar. Quş cəmdəkləri döş nahiyəsi daxilində temperatur - 4oC olana qədər soyudulur. İntensiv soyuma -2 - 3 oC-də havanın 2-4 m/san hərəkətində aparılır.
9.1.3 Sortlaşdırma və markalanma
Quşları sortlaşdırıb, markalayır və qablaşdırırlar. Quş ətini alındığı quşun növündən, köklüyündən, yaşından, keyfiyyətindən, eləcə də cəmdəyin təmizlənmə dərəcəsindən, emal keyfiyyətindən, termiki vəziyyətindən, təzəlik dərəcəsindən asılı olaraq sortlaşdırırlar. Soyudulmuş quş cəmdəyi texnoloji emalın keyfiyyətinə, köklüyünə görə I və II kateqoriyalara ayrılır.
9.1.4 Qablaşdırma
Qablaşdırmadan əvvəl quş cəmdəyini formalaşdırırlar. Tam içalatı çıxarılmış cəmdəyin boğazının dərisini qanadın altına yerləşdirib, qanadları yanlara sıxırlar. Qaz və hind toyuqlarının ayaqlarını qarın boşluğunun kəsiyinə yerləşdirirlər. Yarım içalatlı cəmdəyin boynunu başla birgə bədənə, qanadları isə yanlara tərəf sıxırlar. Qablaşdırma vakuum altında və vakuumsuz şəraitdə aparılır.