9.1 Tükün təmizlənməsi
Tükün tam, yaxşı təmizlənməsi toyuq ətinin xarici görünüşünə, keyfiyyətinə, növünə müsbət təsir göstərir. Quşun növündən, yaşından, tük örtüyündən asılı olaraq tük dəri tərəfindən müxtəlif güclə saxlanır. Bu gücü istiliyin təsiri ilə (qaynar su və ya buxar) zəiflədirlər. Qaynar suya salma üç rejimdə aparılır. Sərt (58-65oC), orta (52-54oC) və yumşaq (51oC). Qanadların, başın və boyunun tük örtüyü, həmçinin suda üzən quşların tük örtüyü daha çətin təmizləndiyi üçün onları da yüksək temperatur parametrlərində emal edirlər. Məsələn, toyuqların bədən hissələrini 52-54oC-də 35-45 saniyə, qanad, baş və boyun hissələrini isə 58-62oC-də 30 saniyə müddətində suda saxlayırlar. Tüklər müxtəlif maşınlarda mexaniki yolla təmizlənir. Dəri örtüyündə zədə, tük qalınlığının olması onun keyfiyyətini aşağı salır.
9.1.1 İçalatın və yarım içalatın çıxarılması
Quşların bütün içalatı çıxarılır. Quş cəmdəyini və içalatı baytar həkimi müayinə edir. İçalatı (ürək, qaraciyər, mədə, boğaz) baytarsanitar ekspertizasından sonra temperaturu 2-4oC olan buzlu suda 10 dəqiqə müddətində soyudub, komplektləşdirib, qablaşdırırlar. Baş və ayaq yeyinti məqsədləri üçün və ya quru yem istehsalında istifadə edilir. Texniki tullantılar (bağırsaq, zob, traxeya, qida borusu, dalaq, toxumluq), həmçinin ağciyəri və böyrəkləri yem unu istehsalında istifadə edilir. Cəmdəyi yuyub daxildən və xaricdən soyudurlar.
Yarım içalatlı cəmdəkdə bağırsaq ifrazat dəliyi ilə birlikdə çıxarılır. Quşun zobu dolu olduqda onu dərinin kəsiyindən çıxarırlar. Əməliyyat əl ilə aparılır.
Yarım içalatlı cəmdəyin ağız boşluğu, dimdiyi yemdən və qandan, ayaqları isə çirkdən təmizlənir.