Ayrılmış kulturaların tanınması O və H salmonellyoz serumları ilə şüşə üzərində damcı reaksiyası və qramla boyanmış yaxmaları mikroskopiya etməklə aparılır. Diri quşlarda xəstəliyin kütləvi diaqnostikası üçün qan damcı reaksiyasından istifadə olunur.
Pulloroz-tifə diaqnoz qoyarkən ona oxşar xəstəliklər olan s.enteritidisdən, s.tifimuriumdan, kolibakteriozdan, pastereliyozdan və yemlə zəhərlənmədən təfriq etmək lazımdır.
Müalicə və profilaktika tədbirləri: Xəstəliklə mübarizənin müvəffəqiyyəti pulloroz-tifə qarşı mübarizə tədbirləri haqqındakı təlimata nəzərdə tutulan ümumi baytarlıq-sanitariya və xüsusi tədbirləri kompleks olmaqla vaxtında və keyfiyyətli aparılmasından asılıdır. İnkubasiya üçün yumurta ancaq sağlam təsərrüfatlardan götürülməli quş yumurtalayandan 2 saat keçənə qədər anbara, inkubatora daxil olanda inkubatorda çeşidləndikdən sonra inkubasiya şkafına yığılandan 6 saat sonra və çıxış zalına köçürüləndən əvvəl mövcud təlimatlara müvafiq dezinfeksiya olunmalıdır. İnkubatorun binasında, inkubasiya və çıxış şkaflarında, quş binalarında mövcud qaydalarda qəbul olunmuş müddətlərdə ciddi mexaniki təmizlik, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirləri aparılmalı, onların nəticəsinə bakterioloji üsulla nəzarət edilməlidir. Cücələr yetişdirilən birinci ayda onlara yem və su ilə bakteriyalar əleyhinə dərman maddələri verməklə yanaşı binanın havasını 9-11 gündən bir 3 gün dalbadal tərkibində xlor olan preparatla aerozol üsulla dezinfeksiya olunması yaxşı səmərə verir.
Müalicə üçün dərman preparatını seçərkən təsərrüfatda ayrılan törədicinin kulturasının ona həssaslığını nəzərə almaq lazımdır.
Xəstəlik körpələrdə septiki getdiyinə görə birinci 5 gündə yem, yaxud su ilə mədə-bağırsaqdan yaxşı sorulan dərman maddələrindən kolisten, gentamisin, tilozin, neomisin, furazalidon və digərləri işlədilməlidir.
Müalicə və profilaktika məqsədilə baytril, enrolin, enroflaksin, enroflaksan və bu qrupdan olan digər preparatların müvafiq təlimatlar əsasında verilməsi yüksək səmərə verir.
Xəstəliyin ləğv edilməsi: Quşçuluq təsərrüfatlarında pulloroz-tif xəstəliyinin olması təsdiq edildikdə o zaman təsərrüfat bu xəstəliyə görə qeyri-sağlam hesab olunur, təsərrüfata baytarlıq məhdudlaşması qoyulur. Məhdudlaşma tədbirlərinə müvafiq olaraq qadağalar edilir.