Təfriq etmək üçün endo və ploskiryev qida mühitlərindən istifadə olunur.
Pulloroz-tifin törədicisi xarici mühitdə fiziki amillərin təsirinə davamlılığı ilə fərqlənir. Quş binalarında 10 gündən 105 gün, həyətdə 2 gündən 35 gün, toyuq peyinində 100 gün, durğun suda 200 gün, torpaqda 400 gün, quru peyində 37 gün, torpaqda basdırılmış toyuq cəsədində 3 ay, gənə və taxtabitinin orqanizmində 17 aya qədər salamat qalır. Müxtəlif dezinfeksiya maddələrindən ksilonaftin 0,2 %-li emulsiyası 16-18 0C temperaturda 50 dəqiqəyə, tərkibində 1% fəal xlor olan xlorlu əhəng məhlulu 5 dəqiqəyə, 0,5 %-li altekol dezinfeksiya maddəsi 10 dəqiqəyə, 2%-li natrium qələvisi 5-10 dəqiqəyə pullorum törədicisini öldürür.
Epizootologiyası: Xəstəlik geniş yayılmaqla fermer quşçuluq təsərrüfatlarında çox vaxt stasionar xarakter daşıyır. Toyuq və hinduşka balaları pullorozla əsas etibarı ilə 20 günlük yaşa qədər xəstələnirlər. Lakin ən çox xəstələnmə və ölüm halları ilk günlərdə müşahidə olunur. Ətlik cinslər yumurtalıqlara nisbətən xəstəliyə daha çox həssasdırlar, həmçinin fərələr xoruzlara nisbətən qaz və ördək balalarında s.pullorum-qalinarum nadir hallarda xəstəlik törədir. Laboratoriya heyvanlarından ağ siçan, hind donuzu və ada dovşanları xəstəliyə həssasdırlar.
Xəstəliyin yayılma mənbəyi çox vaxt törədicini bədənlərində gəzdirən quşların yoluxmuş yumurtaları olur. Yumurtalar inkubasiya üçün istifadə olunacaq quşlar arasında nə qədər çox törədicini bədənlərində gəzdirən quş olarsa, ona müvafiq xəstə cücələrin sayı da çox olar.
Xəstəliyin yayılması, gedişinin xarakteri yemləmə və saxlama şəraitindən asılıdır. Cücələri qaranlıq, rütubətli, pis ventilyasiya edilən binalarda, binaları yaxşı hazırlamadıqda, baytarlıq-sanitariya qaydalarının tələblərinə əməl edilmədikdə, dezinfeksiya keyfiyyətsiz aparıldıqda xəstəlik tez və asanlıqla yayılaraq çoxlu iqtisadi zərərə səbəb olur. Xəstəlik həmçinin yem payında vitaminlər, mineral maddələr, mikroelementləri olmayanda, yemləmə və suvarma qabları cücələrin sayına müvafiq olmadıqda, temperatur rejiminə riayət edilmədikdə və orqanizminin müqavimət qüvvəsinin zəifləməsinə səbəb olan digər çatışmamazlıqlar olduqda daha tez və geniş yayılır. Ona görə də belə təsərrüfatların sağlamlaşdırılması çətinləşir və xəstəlik stasionar xarakter alır.
Patogenezi: Pulloroz-tifin patogenezində yemləmə və bəsləmə şəraitindən, yaşdan asılı olaraq orqanizmin dəyişən rezistentliyinin böyük əhəmiyyəti vardır.