Onlara həm monoinvaziya, həm də poliinvaziya şəklində qarışıq formada rast gəlinir. Bu invaziyalar quşçuluğun rentabelli işləməsinə ciddi maneə törədirlər. Bunlara qarşı müalicə ilə yanaşı, kompleks profilaktik mübarizə tədbirləri hazırlanıb tətbiq edilməlidir.
8.13 Quşların pulloroz - tifi (salmonella)
Pulloroz-tifi toyuq, hind quşu, qırqovul, kəklik, sesarka, bildirçinlərin yoluxucu xəstəlikləri olmaqla salmonella pullorumqalinarum bakteriyaları tərəfindən törədilir. Xəstəlik əsas etibarı ilə 20 günə qədər olan cavanlarda iti septiki formada, yaşlı quşlarda isə nişanəsiz, xroniki, bəzən yarım iti və iti formalarda keçir. Pulloroztif xəstəliyini keçirmiş quşlar ömrünün axırına qədər s.pullorumqalinarumu bədənlərində gəzdirməklə yumurta vasitəsilə nəslə keçirirlər.
Pulloroz-tif xəstəliyi çox geniş yayılmaqla quşçuluq təsərrüfatlarına böyük iqtisadi zərər verir. Bu zərər xəstə və xəstəliyi keçirmiş toyuqlarda yumurta məhsulunun az olmasından, yumurtadan cücə çıxış faizinin aşağı olması, çıxan cücələrin yaşamaq qabiliyyətlərinin zəif olmasından və birinci 30 gün müddətində tələf olmasından, cavanların inkişafdan qalmasından, xəstəliyin müalicəsi və profilaktikası üçün çəkilən xərclərdən ibarətdir.
Törədicisi: S.pullorum-qalinarum 3-5 mk, diametri 0,3-0,8 mk olan hərəkətsiz çöplərdir. Onlar qramla mənfi boyanır. Vismut sulfit qida mühitində qəhvəyi koloniyalar, ƏPA-da (ət-peptonlu aqar) bir-birinə birləşən şehvari koloniyalar, ƏPB-da (ət-peptonlu bulyon) qida mühitində isə bərabər bulandırmaqla mixbər şüşəsinin divarında zəif həlqə, dibində asanlıqla həll olan balaca çöküntü əmələ gətirir.