Hərəkətdə olan mikroqametlər makroqametlərə daxil olub onları mayalayır, makroqamet mayalandıqdan sonra ziqota qılafla əhatə olunur və oosistaya çevrilir.
Sahib heyvanın bağırsağında eymeriozların daxili inkişaf mərhələsi (endogen inkişaf) başa çatdıqdan sonra oosistalar ifrazatla xarici mühitə düşür. Əlverişli şərait olduqda sporlaşır, parazitin xarici mühitdə gedən inkişaf mərhələsi-sporoqoniya (ekzogen inkişaf) başlayır. Oosistaların sporlaşması optimal rütubətli şəraitdə optimal temperatur 25-30 oC olduqda 18-48 saata başa çatır.
Hər bir oosistanın daxilində 4 spor, hər sporun daxilində isə 2 sporozoit əmələ gəlir və sporoqoniya mərhələsi başa çatır.
Parazitin sahib heyvanın orqanizmində inkişafı zamanı mexaniki və toksiki təsir nəticəsində bağırsaq hüceyrələri partlayıb dağılır, qanaxma baş verir ki, bu da eymeriozların ilk kliniki əlamətləri kimi hesab olunur. Yoluxmuş hüceyrələrin dağılması ilə yanaşı, qonşu hüceyrələr də dəyişikliyə uğrayır. Parazitlə dolmuş hüceyrələr böyüyərək ətraf hüceyrələri sıxışdırır, bağırsaq xovları pozulur, hüceyrələrarası əlaqə itir. Patoloji proses bağırsağın əksər hüceyrələrini əhatə edir. Bağırsağın hüceyrələrinin zədələnməsi nəticəsində bağırsaq fermentlərinin fəallığı zəifləyir, zülalların, yağların, sulu karbonların parçalanması, sorulması və mübadiləsi pozulur. Orqanizmə düşmüş toksiki maddələrin təsiri nəticəsində qaraciyər, baş beyin, böyrəküstü vəzilərdə və s. orqanlarda patoloji dəyişikliklər baş verir, qan damarlarında tromblar əmələ gəlir. Mərkəzi sinir sisteminin fəaliyyəti pozulur.
Eymeriozlar zamanı hüceyrə və toxumaların tamlığının mexaniki və toksiki təsirlər nəticəsində pozulması mikroorqanizmlərin sahibin orqanizminə daxil olması üçün imkan yaranır. Orqanların sədd (baryer) funksiyası pozulur, eymeriyaların və xəstəlik törədən mikroorqanizmlərin birgə fəaliyyəti nəticəsində eymeriozların patogenezi mürəkkəbləşir.
İnvaziyaların öyrənilməsi xəstəliklərin mənşəyinin vaxtında müəyyənləşdirilməsinə imkan verir. Bir çox bağırsaq xəstəlikləri vardır ki, onların kliniki əlamətləri çox oxşar olur və münasib profilaktika tədbirləri aparılmadıqda ölümlə yanaşı, sağlam quş yetişdirmək və reproduktiv nəsil almaq çətinləşir. Təsərrüfatda qarışıq invaziya törədən hər hansı bir növün az tapılması, yəni invaziyanın intensivliyinin nisbətən zəif olması heç də onun təhlükəsiz olduğunu sübut etmir. Əksinə, invaziyanın geniş yayılmasına güclü potensiala malik ola biləcəyindən xəbər verir.
Beləliklə, aparılan tədqiqatların nəticələrindən aydın olur ki, Abşeronun quşçuluq təsərrüfatlarında eymeriozlar geniş yayılmışdır.