Növ üçün xarakterik olan əlamətlərdən ən başlıcası isə onun patogenliyidir. Eimeria növlərinin patogenlik dərəcəsi aşağıdakı ardıcıllıqla azalır: eimeria tenella, e.maxima, e.acervulina, e.mitis.
Patogenlik hər bir növün biologiyasından, parazitin generasiyalarının sayından, reproduktivliyindən, parazitin ifraz etdiyi maddələrin toksikliyindən, sahib heyvanın immun vəziyyətindən, assosiativ invaziyalarından, müxtəlif infeksiyaların olub-olmamasından və s. səbəblərdən asılıdır. Kompleks faktorların təsiri nəticəsində parazitin virulentliyi bəzən zəifləyir, əlverişli şərait olduqda az patogen növ yüksək virulentlik qazana bilir.
Ev toyuqlarının eymeriyalarla yoluxması parazitin sahib heyvanın nəcisi ilə ətrafa düşmüş və sporlaşmış oosistaların yem, su və başqa vasitələrlə udulması yolu ilə baş verir. Mədə-bağırsaq sisteminin fermentləri olan lipaza, pepsin və tripsinin təsirindən oosistaların və onların daxilində olan sporların örtük qişası partlayır. Azad olmuş sporozoidlər bağırsağın epiteli hüceyrələrinə daxil olurlar. Parazitin sahib toxumalarının hüceyrələrinə daxil olması ya xüsusi orqonoid-konoid vasitəsilə, hüceyrə divarının deşilməsi yolu ilə, ya da faqasitoz yolu ilə baş verir.
Eymeriyalar bir sahibli parazitlərdir. Onların inkişaf dövrü üç mərhələni- şizoqoniya, qametoqoniya və sporoqoniya əhatə edir. Birinci iki mərhələ sahib heyvanın orqanizmində, üçüncü isə ətraf mühitdə gedir.
Sporozoidlər bağırsağın epiteli hüceyrələrinə daxil olduqdan sonra qeyri-cinsi çoxalma-şizoqoniya prosesi başlayır (bu mərhələni bəzən meroqoniya da adlandırırlar). Cavan birnüvəli şizontun və ya trofozoitin bir neçə dəfə təkrar bölünməsi nəticəsində çoxnüvəli membranla əhatə olunmuş şizontlar toplusu yaranır. Seqmentləşmə nəticəsində nüvələrin sayına müvafiq olaraq merozoitlər formalaşır. Parazitlərlə yoluxmuş bağırsaq hüceyrələri partlayır və şizontlardan azad olmuş merozoitlər sağlam hüceyrələrə daxil olub, şizontların ikinci generasiyasına başlanğıc verir. Bu proses təkrar olduqca şizontların üçüncü, bəzən isə dördüncü generasiyası əmələ gəlir.
Bununla da parazitin qeyri-cinsi inkişaf mərhələsi, yəni şizoqoniya prosesi başa çatır.
Nəhayət, şizoqoniya prosesi qametoqoniyaya, yəni cinsi çoxalmaya başlanğıc verir. Əmələ gəlmiş merozoitlərdən bağırsağın epiteli hüceyrələrində makroqametositlər və mikroqametositlər formalaşır. Makroqametositlər dişi cinsi hüceyrələrə-makroqametlərə, mikroqametositlər erkək cinsi hüceyrələrə-mikroqametlərə çevrilirlər.