Ev toyuqlarının orqanizmində parazitin inkişaf mərhələləri korbağırsaq çıxıntılarının epiteli hüceyrələrində məskunlaşır. Yoluxma yüksək olduqda isə ortabağırsaqdan tutmuş kloakaya qədər olan sahəyə yayılır. Endogen mərhələdə üç generasiya verir. Xəstəliyin prepatent dövrü 7, patent dövrü isə 10-12 gündür. Bu parazit ev toyuqlarının eymeriyaları içərisində ən patogen növ olduğundan onun orqanizmə daxil olmuş bütün sporozoitləri inkişafını tam başa çatdıraraq külli miqdarda oosista əmələ gətirirlər və ətraf mühitə düşmüş bu oosistalarla yoluxma ehtimalı da müvafiq olaraq yüksəlir. Dünyanın bütün ölkələrində geniş yayılmışdır.
E.maxima. 30 x 22 mkm ölçüdə, oval formadadır. Oosistaların bir tərəfi o biri tərəfinə nisbətən nazik olur ki, burada da mikropilye və qütb dənəciyi yerləşir. Divarı digər növlərlə nisbətən girintili-çıxıntılıdır. 30-48 saat ərzində sporlaşır (yetişir). Daxili inkişaf mərhələsi nazik bağırsaqda, xüsusən onun orta və ön nahiyələrində gedir. İnvaziyanın prepatent dövrü 5, patent dövrü isə 15 gündür. Bu növlə yoluxmaya bütün dünyada, o cümlədən Azərbaycanda da rast gəlinir.
E.acervulina. Onun oosistaları oval formada olmaqla ölçüsü 20 x 14 mkm-dir. Oosistanın dar qütbündə mikropilye, qütb dənəciyi olur. Qalıq cismi yoxdur. Spor əmələ gəlmə prosesi 28-30°C temperaturda 13-17 saat başa çatır. Daxili inkişafı onikibarmaq bağırsaqda gedir. Yüksək yoluxma zamanı korbağırsağa qədər yayılır. Prepatent dövrü 4, patent dövrü isə 15 gündür.
E.mitis oosistaları 6 x 8 mkm ölçüdə girdə formada olur. Parazit rəngsizdir və onun qütb dənəciyi vardır. Əlverişli şərait olduqda ətraf mühitdə 48 saat sporlaşır. Daxili inkişafı nazik bağırsağın ön hissəsində gedir. Prepatent dövrü 5 gün, patent dövrü isə 14 gündür. Ən az patogen növ hesab olunur.
Qeyd olunan bu növ eymeriya bütün dünyanın quşçuluq təsərrüfatlarında da geniş yayılmışlar. Keçən əsrin əvvəllərindən onlara qarşı elmi əsaslı tədqiqat işləri aparılır.
Eimeria cinsindən olan növlərin oosistalarının müqayisəsi göstərir ki, onlar bir-birindən morfoloji quruluşuna görə ciddi fərqlənirlər. Bütün növlərin oosistalarında mikropilye olmur. Məsələn, e.tenella növündə mikropilye yoxdur. E.maxima, e.acervulina növlərində isə mikropilye vardır. Qütb dənəciyi bir orqanoid kimi mövcuddur. Növlərin oosistalarının ölçüləri və formaları müxtəlifdir. Ən böyük ölçüyə malik olan e.maxima, ən kiçik ölçülü e.mitisdir.