Eymerioz təkcə Azərbaycanın deyil, bütün dünyanın quşçuluq təsərrüfatlarına ciddi zərər vurur.
Azərbaycanda keçən əsrin 60-cı illərindən başlayaraq akademik M.Ə.Musayevin rəhbərliyi ilə kənd təsərrüfatı heyvanları və ev quşlarının eymeriozları hərtərəfli öyrənilir. Xəstəliyin törədicilərinin növ tərkibi, yayılması, invaziyanın ekoloji faktorlardan asılılığı, eymeriozlar zamanı parazit-sahib münasibətlərinin biokimyəvi və immunoloji xüsusiyyətləri və s. ətraflı öyrənilmiş, müəyyən müalicə və profilaktika tədbirləri işlənib həyata keçirilmişdir.
Ev toyuqlarında eimeria cinsinə aid olan 12 növ parazit təsvir edilmişdir: eimeria tenella, e.mitis, e.maxima, e.acervulina, e.necatrix, e.mivati, e.brunetti, e.praecox, e.hagani. Bu növlərin mövcudluğu bütün koksidioloq alimlər tərəfindən qəbul edilmişdir. Qalan üç növə (e.beachi, e.johnsoni, e.tyzzeri) onların ilk təsvirindən sonra rast gəlinməmiş və sərbəst növ olmalarını əsaslandıran dəlillər kifayət qədər deyildir. Toyuqlarda tapılmış isospora cinsindən olan parazitlərin oosistaları quşçuluq fermalarında toyuqların sərçələrlə müəyyən qədər təmasda olması zamanı onlar tərəfindən xəstə sərçələrin ifraz etdiyi oosistaları udmaq yolu ilə baş verir.
Azərbaycanda ev toyuqlarında eimeria tenella, e.necatrix, e.brunetti, e.maxima, e.acervulina və e.mitis növləri parazitlik edir. Yuxarıda adları çəkilən digər növlərə respublikamızın quşçuluq təsərrüfatlarında rast gəlinməmişdir.
Abşeron rayonunun Güzdək və Saray qəsəbələrində tədqiqatlar zamanı müəyyən edilmişdir ki, 4 növ eymeriya bu təsərrüfatlarda parazitlik edir: eimeria tenella, e.maxima, e.acervulina və e.mitis.
Eymeriyaların təyini əsasən onların oosistalarına, yəni yumurtalarına görə aparılır. Parazitlərin növündən asılı olaraq oosistalar oval, girdə, yumurtaşəkilli, ellipsvari, armudşəkilli, rombşəkilli və s. formada olur. Oosistaların divarı adətən iki laylı, sitoplazmaları isə dənəvərdir. Eymeriyaların bəzi növlərinin oosistalarının qütblərinin birində papaqcıq, parıldayan qütb dənəsi, qalıq cismi kimi hüceyrə elementləri olur. Oosistaların morfoloji əlamətlərindən eymeriya növlərinin təyin edilməsində, onların sahib heyvanın orqanizmində gedən inkişaf mərhələsinin öyrənilməsində istifadə olunur.
E.tenella-nın oosistaları rəngsiz, oval formada olub, 22 x 20 mkm ölçüdədir. Oosistalarda mikropilye yoxdur, qütb dənəciyi vardır. E.tenella ikiqat qişaya (örtüyə) malikdir. Əlverişli şəraitdə oosistalar 18-48 saat ərzində sporlaşırlar.