Xəstəlik uzun müddət davam etdikdə bədənin ayrı-ayrı hissələrində lələklərin kötükləri qalır.
Bu hal ən çox toyuğun quyruq nahiyəsində olur, sonra isə yarımçılpaq qalır. Bədənin lələk tökülən sahələrində dəri göy-qırmızı rəngə çalır, pipiklərin, saqqalın, selikli qişanın rəngi solğun olur. Quşların köklük dərəcəsi aşağı düşür və arıqlayır.
Quşların lələyinin kökündə yaşayan gənələr qanla yaxşı təchiz olunurlar. Diaqnoz-əsasən xarakterik kliniki əlamətlərə, epizootoloji məlumatlara və lələklərdə gənənin müayinə edilməsinin nəticəsinə görə qoyulur. İlk əvvəl tökülmüş lələklər yoxlanılır.
Parazitlə yoluxmuş lələklərin kökü tutqun rəngdə olur, onların boşluğunda açıq-qəhvəyi rəngli maddə görünür. Toplanmış lələklərdə paraziti müəyyən etmək üçün onların daxilində olan möhtəviyyat saat şüşəsinin üzərinə tökülür və onun üstünə 1-2 damla neft və ya su əlavə edilərək qarışdırılır. Alınmış məhlul mikroskop altında müayinə edilir.
Müalicə və profilaktika tədbirləri lazımi qədər tam öyrənilməyib. Sirinqofilyozun törədicisi olan gənələr akarisid preparatlara davamlıdır.
Quşların müalicəsi məqsədilə 0,2-0,3%-li xlorofos məhlulunda quşların çimizdirilməsinin yaxşı nəticə verdiyi bildirilir. Requvon preparatının 0,15%-li məhlulunun quşların üzərinə püskürdülməsi də yaxşı səmərə verir. Frontlayn sprey, otodektin 0,1%, yaxud digər ivermentin əsasında mövcud preparatlar 0,1-0,12% istifadə olunur. Belə ki, bu preparat boşqaba, qapağa və s. tökülür, toyuqdan kənarda tampona hopdurulub, şüşə çubuqla toyuğun qanadının dərisinə sürtülür. Əgər toyuq oranı dimdikləsə zəhərlənmə halları baş verə bilər. Dəriyə sürtülmüş preparat dəri altı piy toxumasına sorulur, bədənin bütün sahəsinə paylanır və 2-3 həftə ərzində orada qala bilir. Göstərilən müddətdə preparat yaşlı gənələri və yumurtadan çıxanları məhv edir. Təkrar işləmə 3-4 həftədən sonra aparılır. Xəstəlik zamanı neostomazan preparatından istifadə etmək qadağan edilmişdir. Çünki orqanizmə toksiki təsir göstərir.
Gənələr kimyəvi maddələrin təsirinə həssasdırlar. Belə ki, 1%-li xlorofos məhlulu 2 dəqiqəyə, polixlorpinenin 3%-li məhlulu 3 dəqiqəyə, kreolinin 5%-li məhlulu 4 dəqiqəyə gənələri öldürürlər. Gənələr həmçinin yüksək temperaturda 50oC-də 1 dəqiqəyə, 60oC-də 10 saniyəyə məhv olurlar. Lələk gənəsi əlverişli olmayan xarici mühit faktorlarına az davamlıdır. Quşların bədənindən kənarda gənələr otaq temperaturunda 7 günə qədər, lələklərdə isə 14 günə qədər yaşayırlar.
Müalicə məqsədi ilə diazinon, amidofos, siodrin, bayteks, tivin, ikosan, stomazon və digər preparatlardan da istifadə olunur.