Lələk boşluğunda dəstə halında yaşayır və onların miqdarı çox olur.
Xəstəliyin inkubasiya dövrü 3 aydır, ilk klinik əlamətləri 5-7 aylığında, lələklərin sınması və tökülməsi ilə büruzə verir. Xəstə quşlarda əvvəlcə quyruqda, sonra beldə və nəhayət, qanadlarda lələklər düşür.
Xəstəliyin öyrənilməsi ilə keçmiş SSRİ-də Skryabin, Yakimov, Pavlovski, Dogel məşğul olmuşlar. Azərbaycanda isə bu xəstəliyin ətraflı öyrənilməsində F.M.Əmirxanovun xidmətləri olmuşdur.
Xəstəlik quşçuluq təsərrüfatlarının əksəriyyətində və fərdi quşçuluq təsərrüfatlarında saxlanılan bütün toyuq cinsləri arasında müşahidə olunur. Sirinqofilyozun törədicisi havalar mülayim olduqda daha yaxşı inkişaf edir. İqlimi isti olan regionlarda yayda və yazda bu xəstəlik geniş yayılaraq daha tez-tez baş verir və ağır keçir. Ədəbiyyat məlumatlarına görə, qısa müddət ərzində bu gənə insan və heyvan üzərində də parazitlik edə bilər. Xəstəlik insanlar üçün qorxu törətmir.
Quşlarda yoluxma əksər hallarda toxunma yolu ilə baş verir. Belə ki, xəstə toyuqlar olan binaya, sağlam toyuqlar gətirildikdə və onlar təmasda olanda xəstəlik daha tez yayılır. Yaz və yay fəsillərində xəstəlik düşən təsərrüfatlarda 5 aylığında quşların 70-80%-dən çoxu bu xəstəliyə yoluxa bilir. Parazit gənələr lələk boşluğuna daxil olub, orada yaşayır, qidalanır və çoxalır.
Bu proses zamanı parazitlər sahibinə həm mexaniki, həm də toksiki təsir göstərir. Nəticədə parazitlə yoluxmuş lələklər məhv olur, artıq dərəcədə qaşınma baş verir və dəridə fizioloji proseslərin gedişi pozulur.
Bu proseslərin nəticəsi quşların növ və cinsindən asılı olmayaraq 5-6 aylıq cavanlarda özünü büruzə verir. İlk yoluxmuş cavan və yaşlı toyuqlarda parazit yalnız 3 ay müddətində çoxalaraq, sahibinə güclü təsir göstərə bilir.
Toyuqlarda xəstəliyin ilk əlamətləri lələklərin sınmasıdır. Eyni zamanda toyuqlarda narahatlıq, qaşınma və özünü dimdikləmə, arıqlama hallarının, ət, yumurta, tük məhsullarının azalması müşahidə edilir.
Anac toyuqların lələklərinin hamısı parazitlə eyni dərəcədə yoluxmur. Sirinqofillər ən az qanadcıq lələklərində (4,0-25,0%), qoltuqaltı qanad lələklərində (19-54%), quyruq lələklərində (11-30%), ən çox isə qoltuqaltı (29-42%), ikinci sıra qanad lələklərində (68-90%) yaşayır (F.M.Əmirxanov, 1982).
Parazitə yoluxmuş lələklərin rəngi tutqun olur. Kənarları diş-diş ayrılır və sağlam lələklərdən qısa görünür.