Anac qazları yumurtlama mövsümündən 40-50 gün əvvəl 20 gün fasilə ilə 2 dəfə peyvənd edirlər. İmmunitet 2-ci peyvənddən 21 gün sonra əmələ gəlir və virusu neytrallaşdırıcı əkscismlər transovarial yolla nəslə keçirlər.
Peyvənd edilmiş qazların yumurtalarından çıxan balaları 1-2 günlük yaşda peyvənd edirlər. İmmunitet 10 gündən sonra yaranır və 3 ay davam edir. Rekonvolasent qazlarin sitrat qanı yaxud, qan serrumu yaxşı profilaktiki təsirə malikdir.
8.11 Quşlarda sirinqofilyoz xəstəliyi və onunla mübarizə
Sirinqofilyoz quşların xroniki keçən, qoturluq adı ilə məlum olan parazitar xəstəliyidir. Xəstəlik sirinqofilus bipectinatus heller gənəsi tərəfindən törədilir.
Xəstəliyin törədicisi sirinqofillid gənələri uzun, oval formada, tünd bozumtul rəngdə olur, koloniya şəklində yaşayırlar. Bu cinsə aid olan növlər quşların daimi parazitlərindən olub, onların lələklərinin boşluqlarında yaşayıb, çoxalır və toxuma mayesi ilə qidalanırlar. Sahibləri ev toyuqları və toyuqkimilər dəstəsinin başqa nümayəndələridir. Xəstəliyə əsasən ev quşları: toyuqlar, hinduşkalar, ördəklər, həmçinin vəhşi quşlartutuquşu, bildirçin, göyərçin, sığırçın, sərçə və s. həssasdırlar.
Sirinqofilyoz ev quşlarının dünyada geniş yayılmış invazion xəstəliyidir. Müxtəlif cinsdən olan toyuqlar xəstələnirlər. İnvaziyanın əsas mənbəyi xəstə quşlar, təsərrüfatlarda işlədilən müxtəlif əşyalar, quşabaxanlar və sirayətlənmiş yemdir.
Xəstəlik əsasən yaz və yayda enzootik, qışda və payızda sporodik şəkildə baş verir.
Sirinqofilus bipektinatus gənəsinin qabaq tərəfində xortumu vardır. Gənələr cinsi yetişkənlik mərhələsinə (imaqo) çatdığı zaman, lələk boşluğuna yuxarı hissəsindən daxil olurlar və onun inkişafı 28-30 günə başa çatır.