Adi dezinfeksiya edici maddələr ümumi qəbul olunmuş konsentrasiyada virusu qısa müddətdə öldürürlər (0,5-1%-li formaldehid onu 10-15 dəqiqəyə öldürür).
Epizootologiyası. Xəstəliyə qaz və muskus ördəklərinin balaları həssasdırlar. Toyuqlar, Pekin ördəkləri, hinduşkalar, sesarkalar və onların cavanları xəstəliyə həssas deyillər.
Xəstəliyin klinik nişanələri 6-12 günlük qaz balalarında, nadir hallarda isə 4 və 15-20 günlük yaşlarda görünür. Xəstəliyi keçirmiş qaz balaları 3-4 il müddətində virusdaşıyıcı qalırlar. Xəstəlik immuniteti olmayan qaz balalarında baş verdikdə onları 90-100 %-i tələf olur. Stasionar salamat olmayan təsərrüfatlarda qaz balalarının tələfatı tədricən azalaraq 20-30%-ə çatır və hər 3-4 ildən bir təkrar olunur.
İnfeksiya mənbəyi xəstə və ölmüş qaz balaları, xəstəliyi keçirmiş qaz balalarından böyüyən qazlar, virusdaşıyıcı qazların yumurtası, inkubasiyanın çıxarı, həmçinin xəstələrin ifrazatı ilə çirklənmiş yem, su və əşyalardır. İnfeksiyanın əsas yayılma yolu yumurta vasitəsilədir, lakin alimentar və aerogen yollada yoluxma baş verir.
Virusdaşıyıcı qazların yumurtalarında inkişaf edən embrionların əksəriyyəti 25 günlük yaşda tələf olurlar.
Klinik əlamətləri. İnkubasiya dövrü 2-6 gündür. Xəstə qaz balaları az hərəkət edirlər, süst olurlar, bir yerə toplaşırlar, iştahaları kəskin azalır, bəzən onlarda konyunktivit müşahidə olunur. Diareya baş verdikdə qarın boşluğuna maye toplanması, dəridə hiperemiya, xəstələrin lələklərini və tükünü yolması, inkişafdan qalma nişanələri baş verir.
Patoloji-anatomik dəyişiklikləri. 40 günlüyə qədər ölən balalarda dəyişikliklər olmur. Bir qədər böyük yaşda ölənlərdə qarın boşluğuna saman rəngində şəffaf yaxud həlməşikli maye toplanması, ağız boşluğuna və vəzli mədəyə selik yığılması, mədə-bağırsaq traktında kataral, fibrinozlu yaxud hemorroji enterit aşkar edilir. Qaraciyər böyüyür, hiperemiyalaşır, dalaq və böyrəklər qanla dolğun olur, ürək böyüyür, miokard bişmiş ət rəngində olur. Dərialtı toxuma quru olmaqla bəzi sahələrində serozlu infiltrat aşkar edilir.
Diaqnozu. Epizootoloji məlumata, kliniki nişanələrə və patanatomiki dəyişikliklərə görə ilkin diaqnoz qoyulur. Diaqnozu təsdiq etmək üçün laboratoriyaya törədicini ayırmaq və tipini təyin etmək üçün 5-6 cəsəd yaxud xəstə qaz balası göndərilir. Xəstəliyi salmonelyoz, kolibakterioz və pasterellyozdan təfriq etmək lazımdır.
Mübarizə tədbirlərii və profilaktika. Bu məqsədlə qaz balaları və qazlar üçün virusvaksindən istifadə edirlər.