Xəstəlik Azərbaycanda qeydə alınmamışdır. O, Hollandiya, Belçika, Hindistan, Çində və ABŞ-da qeydə alınmışdır. Su quşlarının miqrasiyası ilə əlaqədar olaraq xəstəliyin ölkəmizə gətirilməsi təhlükəsi vardır.
Törədicisi - Herpes virusları qrupuna daxildir. Virus xarici mühitdə az davamlıdır, lakin suda uzun müddət qalır, adi dezinfeksiya maddələri onu tezliklə inaktivləşdirir. Törədici efirə, xloroforma, tripsinə, pankreatik lipazaya, xemotripsinə həssasdır. Virusun infeksionluğu 50°C-də 2 saata itir, lakin 20°C-də uzun müddət qalır.
Virus toyuq, ördək, at və qoçların eritrositlərinə görə hemaqqlyutinasiya xassəsinə malikdir. Seroloji variantlar aşkar olunmamışdır.
Epizootologiyası, Xəstəliyə həssasdırlar çöl və ev ördəkləri, qazlar və qu quşları. İlin bütün fəsillərində xəstəlik baş verə bilir, lakin havanın kəskin dəyişməsinin əhəmiyyəti vardır. Xəstəliyin baş verməsində yaşın əhəmiyyəti yoxdur. İnfeksiyanın mənbəyi xəstə və xəstəliyi keçirmiş quşlardır. Xidmətçilər, xidmət əşyaları, tara, qan sorucu həşəratlar, itlər və pişiklər, həmçinin gəmiricilər virusun keçirilmə mexanizmində iştirak edirlər. Virus əksər hallarda həzm aparatı, tənəffüs yolu və dəridəki zədələr vasitəsilə keçir.
Klinik əlamətləri. İnkubasiya dövrü 3-7 gündür. Təsərrüfatda xəstəlik ilk dəfə baş verdikdə bütün yaş qruplarını əhatə etməklə tez yayılır, çoxlu tələfata və məhsuldarlığın azalmasına səbəb olur. Xəstələrdə iştahanın azalması, susuzluq, uzanmaq, hərəkətin yavaşıması və ləngiməsi, konyunktivit, hərəkət koordinasiyasının pozulması, bəzən qanadların sallanması müşahidə edilir. Quş böyrü üstə, yaxud arxası üstə uzanmaqla ayaqları bədən boyu uzanmış vəziyyətdə ölür. Səciyyəvi klinik nişanə çox duru ishaldır.
Xəstəliyin iti forması pis iyli diareya, hərəkətin diskoordinasiyası, ətrafların iflici, susuzluq və yemdən imtina etmək əlamətləri ilə səciyyələnir.
Stasionar salamat olmayan quş qruplarında immun fonun yaranması ilə əlaqədar olaraq xəstəliyin klinikası zəif olur, depressiya və yediyi yemə görə məhsulun azalması ilə səciyyələnir. Belə təsərrüfatlarda immuniteti olmayan quşlardan alınmış cavanlarda tələfat artmaqla xəstələrin 30- 90%-nin ölümü müşahidə olunur.
Patoloji-anatomiki dəyişiklikləri. Ölmüş quşları yardıqda iti formada yem borusu və kloakanın selikli təbəqəsində, miokardda, qaraciyərin parenximasında, bağırsaqların selikli təbəqəsində nöqtəvari qan sağıntıları aşkar edilir.