Suspenziya steril diş şotkasının köməyi ilə cücələrin təzə cızılmış pipiyinə və budun yolunmuş folikullarına sürtülür. Əgər tədqiq olunan materialda çiçək virusu varsa onlar yoluxdurmadan 5-7 gün sonra pipikdə xarakterik çiçək səpgiləri, budda çiçək folikulları əmələ gəlir.
Təzə çiçək səpgilərindən hazırlanmış yaxmaları gümüşləmə üsulu ilə boyayaraq mikroskopiya etdikdə vizionları görmək mümkündür. Yaxmada səpələnmiş şəkildə çoxlu vizionların görünməsi çiçək virusunun olmasını təsdiq edir. Əgər vizionlar görünmürsə, bu çiçək virusunun olmamasını təsdiq edir.
Diaqnozu təsdiq etmək üçün diffuz presipitasiya reaksiyasından (DPA) istifadə olunur. Bu reaksiyanı qoyarkən nəzərə almaq lazımdır ki, quşlar çiçəklə xəstələnəndə presipitinləşdirici əks-cisimlərin onların qanında xəstəliyin 11-36-cı günlərində tapılır. Ona görə də DPR-i qoyarkən xoruzlarda əvvəlcədən hazırlanmış fəal hiperimmun serumundan və antigen məqsədilə müayinə olunan materialın suspenziyasından istifadə etmək daha səmərəlidir.
Təfriqi diaqnozu: Çiçək diaqnozunu müəyyən edərkən onu A vitaminozdan, hemofilyozdan, vəbadan, aspergilyozdan, kandidamikozdan, respirator mikoplazmozdan, infeksion bronxitdən, infeksion laninqotraxeitdən və çiçəyin atipik formasına bənzər yoluxucu xəstəliklərdən təfriq etmək lazımdır. Bu məqsədlə epizootoloji məlumatlar, xəstəliyin kliniki nişanələri, patoloji-anatomiki dəyişiklikləri laboratoriya müayinələri zamanı nəzərə alınmalıdır.
İmmunitet: Quşların qan serumunda virus neytrallaşdırıcı və presitinləşdirici əks-cisimlərin tapılması və toxuma qeyri-həssaslığının əmələ gəlməsi ilə xarakterlənir. Virus quşun orqanizminə daxil olduqdan sonra dərhal orqanizmdə immunoloji dəyişikliklər başlayır və 3-4 həftədən sonra immunitet tamamilə formalaşır. Xəstəliyi keçirmiş yaşlı quşlarda 2-3 ilə qədər immunitet olur. Toyuq çiçəyi ilə yoluxmuş cavanlarda immunitet 16 aydan çox davam edir. Virusla peyvənd olunmuş cücə və toyuqlarda immunitet müddətində virus daxili orqanlarda qalır.
Peyvənd olunmuş quşlarda immunitetin müddəti işlədilən ştammının immunogenliyindən, quşun yaşından, onun reaktivliyindən və peyvəndin üsulundan asılıdır.
Quşların çiçəyinin spesifik profilaktikası üçün göyərçin virusunun “Hyu-Cersi” ştammından istifadə olunur.