Əgər çiçək prosesi ikinci mikroflora ilə güclü mürəkkəbləşməmişsə, difteroid pərdə qopur və selik təbəqəsi sağalır, lakin mürəkkəbləşmə güclü olanda pərdənin altında dərin, gec sağalan yara əmələ gəlir. Çiçək prosesi adətən toyuqlarda 17-45 gün çəkir.
Kliniki nişanələri: İnkubasiya dövrü virusun virulentliyindən, orqanizmə daxil olan yolundan, quşun yaşından və fizioloji vəziyyətindən asılı olmaqla 4-15 gündür. Xəstəlik adətən yarım iti, bəzən xroniki, nadir halda isə iti formada keçir. Çiçəyin dəri, difteroid və qarışıq formaları vardır. Bəzən çiçək əsas etibarı ilə daxili orqanları zədələyən gizli formada keçir.
Çiçəyin dəri və qarışıq formalarında adətən yoluxmadan 4-5 gün sonra toyuqlarda dəridə, dimdiyin əsasında, göz qapağında, pipikdə və saqqalda əvvəlcə açıq sarı, sonra qırmızımtıl ləkələr əmələ gəlir. Ləkələr tədricən bir-birilə birləşərək diametri 0,5 sm-ə çatır. Bir neçə gündən sonra onların səthi girintili-çıxıntılı olmaqla rəngləri tünd qəhvəyi olur.
Çiçək yaraları 7-14 günə formalaşır. Onların əsasında iltihab prosesi inkişaf edir və qan sağıntıları əmələ gəlir. Çiçək düyünləri qərtməklə örtülür və mürəkkəbləşməyəndə 7-10 günə düşərək yerində iz qalmır. Qərtməyi qoparanda onun altında qranulyasiya edən səthin üzərində serozlu-irinli ekssudantın toplanması müşahidə olunur. Toyuqlarda ilk çiçək səpgilərdən sonra yoluxmanın 17-19-cu günlərində dərinin sahələrində, çox vaxt tüksüz nahiyələrdən başqa ayaqlarda, qanadlarda və kloaka ətrafında ikinci çiçək səpgiləri əmələ gəlir. Çiçəklə xəstə toyuqlarda keratit, ikinci mikroflora ilə mürəkkəbləşdikdə isə panoftalmit inkişaf edir.
Difteroid və qarışıq formalarda ağız boşluğunun, dilin, burunun, qırtlaq, traxeya, bronxların sinusların və bağırsaqların selikli təbəqəsində ağımtıl şəffaf olmayan, səthən bir qədər dikəlmiş şəklində səpgilər əmələ gəlir. Onlar tez yayılmaqla böyüyür və çox vaxt bir-birilə birləşərək sarımtıl rəng almaqla selik altı təbəqə ilə birləşmiş şorvari konsestensiyalı nekrotiki toxuma pərdəsi ilə örtülürlər. Difteroid pərdəni qoparanda onun altında qanlı eroziya görünür. Tənəffüsü çətinləşir, quşun ağzı açıq olur və nəfəs alanda xırıltılı fitə bənzər səs çıxarır.
Atipik forma çox vaxt zəif passiv, yaxud aktiv immuniteti olan cavanlarda, yemləmə və saxlama şəraitində olan çatışmazlıqların, digər xəstəliklərin olması nəticəsində immuniteti olan quşların orqanizminin müqavimət qüvvəsi zəifləyəndə baş verir.
Çiçək 30-60 günlük cücələr arasında çox vaxt sərbəst, 60-120 günlük cavanlarda əksər hallarda kolibakterioz, salmonelyoz, respirator mikoplazmoz, infeksion mikoplazmoz və digər xəstəliklərlə qarışıq gedir.