Azərbaycanda çiçək aran və dağətəyi rayonlarda yayılaraq toyuq, hind quşu və göyərçinlər arasında müşahidə olunur. Göstərilən zonalarda fərdi və fermer quşçuluq təsərrüfatlarında quşçuluğun inkişaf etməsi ilə yanaşı, orqanizmlərində virusun 6 aydan 2 ilə qədər yaşaya bildiyi ektoparazitlərində inkişaf etməsi üçün əlverişli şərait vardır. Quşların çiçək xəstəliyi ən çox payız və qış mövsümlərində müşahidə edilir.
Xəstəliyin payız və qış aylarında geniş yayılmasını hava şəraiti ilə yanaşı, quşların orqanizminin müqavimət qüvvəsini zəiflədən amillərin təsiri, baytarlıq-sanitariya qaydalarına əməl edilməməsi, xarici mühitdə virusun uzun müddət yaşaması üçün əlverişli şəraitin olmasıdır.
Patogenezi: Çiçək virusu selikli təbəqənin epiteli qatına düşərək səpkilər və yaralar əmələ gətirir. Bu səpkilərin miqdarı quş orqanizminin rezistentliyi və reaktivliyindən, həmçinin virus ştammının virulentliyindən asılıdır. Virus bir sutkadan sonra çiçək səpgilərindən qana və daxili orqanlara keçir. Toyuqların çiçək virusunun virulentli ştammları həssas quşun qanına və qan doğuran orqanlarına düşərək periferik qan və retikuloendoteli sistemi hüceyrələrini, sümük iliyini ciddi zədələyir, bu da onların funksiyasını pozur. Qan hüceyrələri və qan damarlarının endotelionində çoxalan virus dərinin və selik təbəqəsinin zədələnməmiş sahələrinə keçirilir və yeni çiçək ocaqları əmələ gəlir. Quşu dəridən yoluxdurandan 24-48 saat sonra virus dalaqda, ağciyərdə, qaraciyərdə, öd kisəsində, ürəkdə, böyrəklərdə, sümük iliklərində, baş beyində tapılmaqla parenximatoz hüceyrələrdə distrofiya və damarların endoteli hüceyrələrində dəyişiklik törədir.
Toyuqlarda dəridə inkişaf edən çiçək prosesi ilə yanaşı, dərialtı toxumada limfoid və psevdoeozinofil hüceyrələrinin güclü infiltrasiyası baş verir. Difteroid prosesi çox vaxt ağız boşluğunun selikli təbəqəsindən başlayır, oradan burnun, qırtlağın selikli təbəqəsinə və bədənin başqa sahələrinə yayılır. O, dəridə zədə olmadan sərbəst başlaya bilir, lakin əksər hallarda çiçək yaraları kimi baş verir. Qırtlağın selikli təbəqəsinin ikinci çiçək yaraları çox təhlükəlidir. Belə ki, difteriod pərdənin əmələ gəlməsi nəticəsində quşun nəfəs alması və yemi udması çətinləşir, orqanizmin zəifləməsinə, arıqlamasına, qırtlağın tıxanmasına və quşun boğularaq ölməsinə səbəb olur.
Çiçəyin qarışıq formalarındakı patoloji dəyişikliklər virusun və ikinci mikrofloranın birgə təsirinin nəticəsidir. Axırıncının təsiri çox vaxt çiçək prosesi qurtaranda və zədələnmiş toxumada virus tapılmayanda da qalır. Belə hal diaqnozun qoyulmasında səhvə səbəb olur.