Törədicisi: Onko virus qrupuna daxil olan virusdur. Onun əsas 4 növü var: virus borneliota qallinarium toyuqların çiçək virusu, virus borreliota meleaqridis hinduşkaların çiçək virusu, virus borreliota columborum göyərçinlərin çiçək virusu, virus boreliota frinqillari sarı bülbüllərin çiçək virusu.
Virusun böyüklüyü 180-350 mmk-dur. Toxumalardan azad olmuş virus fiziki və kimyəvi təsirlərə davamsızdır, toxuma hüceyrəsində olan virus isə davamlı olur. Donmuş və qurumuş virus uzun müddət diri qalır. Bu xüsusiyyət onun xarici mühitdə uzun müddət yaşamasına səbəb olur. Virus yüksək hərarətə, etil spirtinə, efirə, xloroforma və turş mühitə həssasdır. Natrium qələvisinin 1%-li məhlulu virusu 5 dəqiqəyə, günəş şüaları 7 günə öldürür. Virus 100°C-də 5 dəqiqəyə, 80°C-də 30 dəqiqəyə, 60°C-də 3 saata tələf olur. O, xarici mühitdə çirklənmiş obyektlərdə 158 gün, lələk və tükdə 195 gün, yumurtanın qabığında 60 gün, suda 76 gün öz virulentliyini saxlayır. Çiçək kərtməyində mənfi 15°C-də virus 2 ildən artıq yaşayır.
Quşların çiçək virusları 10-12günlük toyuq embrionlarının xorionallontois pərdəsində yaxşı yetişirlər. Pərdədə əmələ gətirdikləri dəyişikliklərin xarakterinə və rüşeymin daxili orqanlarına yayılma dərəcəsinə görə bu viruslar bir-birindən fərqlənirlər. Toyuq, hinduşka və sarı bülbüllərin çiçək viruslarının ştammları bütünlükdə xorionallantois pərdəsində yetişməklə rüşeymin daxili orqan və toxumalarına da yayılırlar, göyərçinlərin çiçək virusu isə əsas etibarı ilə pərdənin virus vurulan sahəsində yetişir.
Təbii şəraitdə hər növ çiçək virusuna ancaq həmin növdən olan quşlar həssasdırlar. Quşların çiçək virusları patogenlik spektrinə görə aşağıdakı qaydada yerləşirlər: göyərçinlərin, hinduşkaların, toyuq və sarı bülbüllərin çiçək virusları.
Epizootologiyası: İnfeksiya mənbəyi xəstə və xəstəliyi keçirmiş quşlardır. Xəstə quşlar virusu çiçək yaralarının kərtməyi, ağız və burun seliyi, göz axıntısı, nəcislə, yumurtanın qabığı ilə ifraz edir, binanı, yemi, suyu, həyəti, avadanlığı və havanı çirkləndirirlər.
Xəstəliyi keçirmiş toyuq və hinduşkaların orqanizmində virusun 16 aya qədər qalması, onun nəcis və yumurtanın qabığı ilə xarici mühitə yayılır.
Çiçək virusu gəmiricilər, qan soran həşəratlar və çöl quşları da yaya bilirlər. Virusun arqas gənələrinin orqanizmində 730 gün, toyuq gənəsində 300 gün, taxtabitlərdə 245 gün, qan soran vaxtı isə virusu sağlam toyuqlara keçirərək onları xəstələndirirlər.