Respublikanın quşçuluq təsərrüfatlarının fəaliyyətlərində problemlərin mövcud olduğu bir məqamda quşçuluğun dövlət tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Ölkədə quş əti, o cümlədən damazlıq yumurta istehsalçıları üçün əlverişli imkan yaranmışdır. Fondun vəsaitləri hesabına respublikada quş əti istehsalının artırılması və damazlıq təsərrüfatlarının yaradılması, sözsüz ki, quş əti istehsalının artımına və yerli quşçuluq təsərrüfatlarının damazlıq yumurta ilə təmin edilməsinə şərait yaradacaqdır. Bununla yanaşı, quşçuluqda damazlıq təsərrüfatları yaratmaqla, hibridləşmənin geniş tətbiq edilməsi vacib məsələlərdən biridir. Quşçuluğun inkişaf etdirilməsi, əsasən, onların ixtisaslaşdırılması istiqamətini (yumurtalıq və broyler ətlik cinslər) nəzərə alaraq aparılmalıdır.
Hazırda respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan tələbatı təxminən 60 milyon ədəd təşkil edir ki, bunun da 28 milyon ədədi yerli istehsal, 32 milyon ədədi isə idxal hesabına ödənilir. Keyfiyyətli quş əti istehsalının kökündə keyfiyyətli damazlıq yumurta durur. Təəssüflə qeyd etməliyik ki, əksər hallarda ölkəyə idxal olunan damazlıq yumurta 3-4-cü sinif məhsullar qrupuna aiddir və keyfiyyəti çox aşağıdır. Çünki damazlıq yumurtanın əsas istehsalçısı olan xarici ölkələr daha keyfiyyətli və 1-ci kateqoriyadan olan məhsulları öz daxili tələbatlarının ödənilməsinə yönəldirlər. Digər bir məsələ
damazlıq yumurtanın qiyməti ilə bağlıdır. Belə ki, hazırda damazlıq yumurtanın 1 ədədinin idxal qiyməti 0.35-0.40 manat səviyyəsindədir ki, bu da kifayət qədər bahadır. Respublikada sözügedən istehsal fəaliyyətini təşkil etməklə 1 ədəd damazlıq yumurtanın satış qiymətini 2 dəfəyə qədər azaltmaq mümkündür.
Quş ətinə və damazlıq yumurtaya tələbatı aradan qaldırmaq məqsədilə respublikanın bir sıra iqtisadi rayonlarında quş əti istehsalı və damazlıq broyler təsərrüfatlarının yaradılması və ya mövcud təsərrüfatların istehsal imkanlarının bərpası üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyə dəstəyinin göstərilməsi ilə bağlı təşəbbüsü vaxtında atılmış addım kimi qiymətləndirmək olar.