Təsərrüfatın epizootik vəziyyətinin tipindən asılı olaraq müxtəlif vaksin və peyvənd sxeması tətbiq olunur. Bu xəstəliyin profilaktikası məqsədi ilə çoxlu miqdarda və bir-birindən fərqlənən peyvənd sxemalarının mövcudluğu onların kifayət qədər səmərəli olmamasını göstərir.
Hazırda peyvənd üçün ən geniş istifadə olunan “B1”, “La-sota”, “Klon 30”, “H” ştammlarından hazırlanan diri və inaktivasiya olunmuş Almaniya və Fransadan alınan diri qurudulmuş “CEBAK new a”, “CEBAK uni a” və “CEBAK new k” vaksinlərindən istifadə edilir.
“B1” ştammından hazırlanan vaksin diri vaksinlərdir, ən az reaktogen olanıdır. Körpə cücələrin aerozol üsulla peyvəndində geniş istifadə olunur. Su ilə içirdilmədə, burun boşluğuna və konyuktivaya damızdırmada səmərəlidir.
“La-sota” ştammından lentogen hazırlanan vaksinin immunogen və reaktogen xassəsi “B1” ştammından olan vaksinə nisbətən qüvvətlidir. Su ilə içirdiləndə, burun boşluğuna, konyuktivaya damızdırılanda və aerozol üsulla işlədiləndə səmərəlidir. Cücələrin birinci dəfə “La-sota” ştammından hazırlanan vaksinlə peyvənd etdikdə mürəkkəbləşmə və tələfatın artması müşahidə olunur. Ona görə də bu vaksini bir qədər iri yaşlı və əvvəlcə “B1” yaxud “Klon-30” ştammları ilə peyvənd olunmuş cücələrin peyvəndində işlətmək məqsədəuyğundur.
“Klon-30” ştammından hazırlanan vaksin öz reaktogenliyinə görə “B1” və “La-sota” ştammlarından hazırlanan vaksinlərin arasında orta vəziyyəti tutur. Su ilə içirdilmə, buruna damızdırma və aerozol üsullarla işlədilir.
“CEBAK new a” və “CEBAK uni a” ştammından hazırlanan vaksinlər öz reaktogenliyinə görə “B1”, “Klon-30” və “La-sota” ştammlarından olan vaksinlərə nisbətən çox qüvvətlidir. Su ilə içirdilir, burun boşluğuna, konyuktivaya damızdırılır və aerozol üsullarından da istifadə olunur.
“CEBAK new k” və “H” ştammlarından hazırlanan vaksinlər yüksək immunogenlik xassəsinə malikdirlər. Nyukasl xəstəliyinə görə sağlam olmayan quşçuluq təsər-rüfatlarında işlədilir. Döş əzələ içərisinə, yaxud boyun nahiyəsinə dəri altına 0,5 ml dozada yeridilir. Peyvənddən 48 saat sonra immunitet əmələ gəlir. Diri vaksinlər fermer quşçuluğunda əsas etibarı ilə qrup üsulu ilə tətbiq edilir. Su ilə vaksinin verilməsi ən sadə və təbii üsuldur. Lakin quşların 15-20%-də və immunitet yaranmır. Bu üsulla peyvənd aparanda suyun tərkibini, virusun konsentrasiyasının və peyvəndin müddətinə riayət edilməsinin rolu böyükdür. Suyun tərkibində az miqdarda xlor, flüor, dəmir, dezinfeksiya və dərman maddələrinin olması virusun neytrallaşmasına səbəb olur.