Ona görə də quşların hamısını müntəzəm olaraq peyvənd etməklə onların sağlam qalmasını və məhsuldarlığını təmin edirlər.
Orqanizmin viruslardan qorunma funksiyasını həm qazanılan amillər (əks-cisimlər), həm də orqanizmin təbii rezistenlik amilləri (inhibitorlar- kimyəvi mənşəli müxtəlif maddələr) yerinə yetirir.
İmmunizasiyaedici agent kimi istifadə olunan viruslar orqanizmin spesifik immun dəyişikliklərinə virus əleyhinə əks-cisimlərin əmələ gəlməsinə səbəb olur, həmçinin inhibitorları əmələ gətirən sistemə stimulasiyaedici təsir göstərir.
Əks-cisim və inhibitorların müdafiəedici mexanizmi virus hissəcikləri ilə immun qlobulinlərin, yaxud mukopolisaxarid maddələrin qarşılıqlı təsirinə əsaslanır. Bunun nəticəsində virus hissəcikləri həssas hüceyrə ilə təmas olmaq qabiliyyətini itirirlər.
Quşların nyukasl xəstəliyinə həssas olmasında humoral immunitetlə yanaşı yerli toxuma immunitetinin əsas rolu var. Belə ki, respirator traktın özünü qanda dövr edən əks-cisimlərdən tamamilə asılı olmayan immun sistemi vardı. Müəyyən edilmişdir ki, parenteral üsulla peyvənd edilən quşlarda respirator traktında əks-cisimlər olmur və onlarda xəstəliyin respirator formasına qarşı rezistentlik aşağı olur. Ağciyər toxumasında yerli əks-cisimlər ancaq intronazal və aerozol üsullarla peyvənd aparılandan sonra əmələ gəlir və onlar humoral əks-cisimləri qabaqlayırlar. Humoral əks-cisimlər isə peyvəndin aparılma üsulundan asılı olmayaraq əmələ gəlir.
İmmuniteti olan yaşlı toyuqlar əks-cisimləri transovarial yolla cücələrə keçirirlər və bu passiv əks-cisimlər cücələri ilk günlərdə nyukasl xəstəliyi ilə xəstələnməkdən qoruyurlar. Passiv immunitetin gərginliyi və müddəti toyuqlar peyvənd edərkən işlədilən vaksinin ştammından, peyvəndləmədən sonra yumurta inkubasiya üçün yığılana qədər keçən müddətdən asılıdır. Orta hesabla passiv immunitet bir həftəlik cücələrin 80-100%-də, iki həftəlik cücələrin 60-80%-də, üç həftəlik cücələrin 50- 60%-də, dörd həftəlik cücələrin 30%-də olur. Cücələrdə passiv immunitet peyvənddən sonra əks-cisimlərin yaranmasına maneə olur.
Quşçuluq təsərrüfatlarında yetişdirmək üçün müxtəlif vaxtlarda peyvənd olunmuş və immunitet səviyyəsi qeyri-bərabər olan çoxlu miqdarda cücələr götürülür. Belə cücələrdə passiv immunitetin səviyyəsi qeyri-bərabər olur. Ona görə də peyvənddən əvvəl quşlarda passiv immunitetin səviyyəsini öyrənmək vacibdir.