Nyukasl xəstəliyinə xas olan dəyişiklikləri tapmaq həmişə mümkün olmur.
Diaqnoz: Epizootoloji məlumata, kliniki nişanələrə, patoloji-anatomik dəyişikliklərə, virusuloji, bioloji və seroloji müayinələrin nəticəsinə əsasən qoyulur.
Xəstəlik immuniteti olmayan quşlarda xarakterik əlamətlərlə getdikdə onu təyin etmək asandır. Bunun üçün xəstələrə baxmaq və 10-15 cəsədi yararaq patoloji anatomik dəyişiklikləri görmək kifayətdir.
Lakin xəstəlik immuniteti olan quşlarda, xüsusilə stasionar, qeyri- sağlam təsərrüfatlarda baş verəndə onu təyin etmək çətinləşir.
Xəstəlik yumurta vasitəsilə keçəndə onun diaqnozunu qoymaq daha çətindir. Cücələrdə ilk günlərdə passiv immunitetin fonunda xəstəlik o qədər xarakterik olur ki, onun olmasına şübhə etməyə heç bir əsas olmur. Belə mürəkkəb hallarda xəstəliyi müəyyən etmək üçün kompleks müayinə aparmaq lazımdır. Birinci növbədə epizootik situasiyanı öyrənmək təsərrüfatın və ətrafdakı yaşayış məntəqələrinin sağlam olub olmaması, quşların miqdarını, saxlanma şəraitini, yemləndirilməsi, anac toyuqların komplekstləşdirilmə mənbəyi, təsərrüfat və nəqliyyat əlaqələri, baytarlıq-sanitariya obyektlərinin vəziyyəti, tələfatın dinamikası, aparılmış müalicə və profilaktika tədbirlərini təhlil etmək lazımdır. Xəstəliyin kliniki nişanələri və gedişi mükəmməl öyrənilməlidir. Bənzər əlamət və patoloji- anatomiki dəyişiklikləri keçən xəstəliklərdən respirator mikoplazmoz, infeksion, larinqotraxet, bronxit, ensefomielit, quşların qripi, pasterellyoz, kolibakterioz, spiroxetoz, koksidioz, E və D vitaminlərinin çatışmamasını yəqin etmək lazımdır.
Diaqnozun qoyulması və onun təfriqində laboratoriya müayinələri virusun ayrılması onun patogenliyinin, həmçinin xəstə quşların qanında hemaqqlyutinasiyaya mane olan virusu neytrallaşdıran əks-cisimlərin titrinin müəyyən edilməsinin həlledici rolu vardır.
Virusu ayırmaq üçün baş beyin, ağciyərlər, traxeya və dalaqdan istifadə olunur. Nəzərə almaq lazımdır ki, respirotrop virusu traxeya və ağciyərlərdən, neyrotrop virusu baş beyindən, visserotrop virusu isə dalaqdan asan ayırmaq olur.
Quşun bədənində olan əks-cisimlərin virusu neytrallaşdırılmasının qarşısını almaq üçün patoloji material quş ölən, yaxud kəsilən kimi dərhal götürülür və həvəngdəstədə əzilərək 1:100 nisbətində fizioloji məhlulda duruldulur. Duruldulmuş suspenziyaya penisillin və ya streptomisin əlavə edilir.