Xüsusilə mərkəzi sinir sisteminin fəaliyyətinə təsir edir.
Kliniki nişanələr: İnkubasiya dövrünün müddəti quş orqanizminin ümumi vəziyyətindən, virusun virulentliyindən, orqanizmə daxil olma yolundan və virusun miqdarından asılıdır. Adətən inkubasiya dövrü immuniteti olmayan quşlarda 3-7 gün çəkir. Passiv immuniteti olan, yaxud peyvənd edilmiş quşların bədənində virus 18-30, hətta, 45 günə qədər qalıb sonra xəstəlik törədə bilir.
Zəif immuniteti olan quşlar yoluxmadan 10-12 gün sonra xəstələnərsə, xəstəlik uzun çəkir, sonra belə quşlar ya sağalır, ya da arıqlayaraq nyukasl xəstəliyinə xarakterik olan kliniki nişanələr və patoloji-anatomik dəyişikliklər müşahidə olunmadan tələf olurlar. Peyvənd olunmuş quşlar arasında xəstəliyin gedişi, kliniki nişanələri və ölüm faizi immunizasiyanın sxemasından, üsulundan, işlədilən vaksindən, peyvənddən sonra keçən müddətdən, virusun virulentliyindən, tropizmidən, quşların yaşından, onların fizioloji vəziyyətindən, yemləmə və saxlama şəraitindən asılıdır. Təsərrüfatın pulloroz, salmonellioz, kolibakterioz, psevdamonoz, respirator mikoplazmoz, koksidioz, infeksion bronxit, larinqotraxeit və digər xəstəliklərə görə nə dərəcədə sağlam olmasından da asılıdır.
Xəstəliyin iti gedişində quşların əvvəlcə baş və boynunda tüklərin pırpızlaşması, büzüşərək bir yerdə dayanması və məqsədsiz hərəkəti müşahidə edilir. Bu vaxt iştaha olur, lakin quşlar çox vaxt dimdiyi ilə yemi götürə bilmir. Sonralar quşların iştahası tamamilə pozulur və komotoz vəziyyətinə düşürlər (baş və qanadları sallayaraq otururlar, ağızlarından selikli maye axır, ishal müşahidə olur və quşlar xarici qıcıqlara etinasız olur) adətən ikinci, bəzən üçüncü gün tələf olurlar. Xəstəliyin yarım iti gedişində xəstə quşlarda əsəb pozğunluğu, tarazlığın pozulması, səndələmə, dairəvi hərəkət, tez-tez boyun və başın dartması, əsərək özündən getməsi, boynun əyilməsi, başın yana, yaxud geriyə burulması, ayaqların dartılması, barmaqların yığılması və s. müşahidə olunur. Çox vaxt qanad, quyruq, boyun və ayaqların iflici baş verir.
Quşçuluq təsərrüfatlarında mütəmadi olaraq nyukasl xəstəliyinə qarşı profilaktiki peyvənd aparıldığına görə xəstəliyin xarakterik kliniki nişanələri və patoloji-anatomik dəyişiklikləri görünmür. Xəstəlik çox vaxtı körpə və cavanlar arasında yarım iti formadakı nişanələri ilə keçir, zəif bilinir. Broyler təsərrüfatlarında ciddi sxem üzrə peyvənd aparılmasına baxmayaraq, immunitetin pozulması nəticəsində xəstəlik baş verərkən kütləvi tələfat verməsi hallarına tez-tez rast gəlinir.