Lakin fərdi təsərrüfatlarda quşların hamısı vaxtında profilaktiki peyvənd olunmadığına görə xəstəlik onların arasında baş verir və oradan isəquşçuluq təsərrüfatlarına yayılırdı. Quşçuluq təsərrüfatlarının kənardan xəstəlik törədicisi gətirilməsindən və yaxşı qorunmamasından təsərrüfatlarda salmonelyozun, kolibakteriozun, pullorozun, stafilokokkozun, streptokokkozun, psevdomonozun, asperqiliozun və koksidiozun geniş yayılması, yemləmə və saxlama şəraitindəki qüsurlar və peyvəndin həmişə keyfiyyətli olmaması nəticəsində quşçuluq təsərrüfatlarının bəzilərində xəstəlik baş verərək böyük iqtisadi zərər vurur.
Törədicisi: Paramiksoviruslar qrupundan birinci qrup serotipinə mənsub, tərkibində RNT olan virusdur. Patogenliyinin müxtəlif olmasına görə nyukasl virusu ştammlara bölünürlər: zəif ştammlar (çox zəif); bütün yaşlı cücələr üçün apotogen; mezogen (orta) ştammlar toyuq embrionlarını öldürür, 30 günlüyə qədər cücələrdə respirator nişanələr və təlafat törədir; velogen (çox qüvvəli) bütün növ quşlar üçün patogen olan virulentli epizootiki ştammdır.
Nyukasl xəstəliyi virusu natrium qələvisinin 0,5%-li məhlulunda 20 dəqiqəyə, formaldehidin 2%-li, tərkibindən 2%-li fəal xlor və 1% qələvi olan hipoxloridin 2%-li məhlulunda 3 dəqiqəyə zərərsizləşir. Nyukasl virusu ilə yoluxmuş quş binası natrium qələvisinin 2%-li, formaldehidin 3%-li məhlulu ilə dezinfeksiya etdikdə 24 saata zərərsizləşmiş olur.
Yumurta qabığında virus formaldehid buxarının təsirindən 1 saata, 0,5%-li natrium qələvisinin təsirindən 20 dəqiqəyə, xlorlu əhəngin tərkibində 1 % fəal xlor olan su məhlulunun təsirindən 10 dəqiqəyə tələf olur.
Epizootologiyası: Təbii şəraitdə nyukasl xəstəliyinə toyuq, sesarka, hinduşka, qırqovul, bildirçin, kəklik və tovuz quşu həssasdırlar. İnsanlar xəstə quşun ətini, yaxud yumurtasını yedikdə yoluxmurlar. Lakin bəzən xəstə quşlarla təmasda olan insanların yoluxması mümkündür. Son bir neçə ildə dünyanın bəzi ölkələrində insanlar arasında nyukasl xəstəliyinin baş verməsi müşahidə olunmuşdur. Xəstəliyin kliniki nişanələri olmayan insanlar arasında uzun müddətli virus daşıyıcılığının mümkün olması göstərilmişdir. Yoluxmuş və xəstəliyi keçirmiş quşlarda virus daşıyıcılığının müddəti haqqında müxtəlif fikirlər vardır. Əksər tədqiqatçılar yoluxmadan 10-15 gün keçənə qədər virusun ayrılmasını göstərirlər. Bu vaxt orqanizmdə artıq əks-cisimlər yüksək titrdə toplanaraq virusu neytrallaşdıra bilirlər.