V.Syurin (1963) göstərirdi ki, nyukasl xəstəliyi 1930-cu ildə Avstraliyada, 1935-ci ildə Afrika qitəsində, 1940-1941-ci illərdə İtaliyada, Almaniyada baş vermişdir. 1944-cü ildən bu xəstəlik dünyanın bir çox ölkələrində müşahidə olunur.
S.Çu və başqaları 1972-ci ildə yazırdılar ki, nyukasl xəstəliyi virusunun yüksək virulentli forması 1962-1969-cu illərdə Uzaq Şərqdə, xüsusilə (Yaponiya, Koreya və Tailandda) Yaxın Şərq, Aralıq dənizi ölkələrində və Latın Amerikasında (Meksika, Kolumbiya,V enesuelada) geniş yayılmışdır. Avropada xəstəlik İngiltərə, Almaniya və Fransada baş vermişdir.
S.Lankasterə görə, xəstəliyin visserotrop forması 1969-cu ildə Yaxın Şərq ölkələrindən Yunanıstan, şimali və qərbi Avropa ölkələrinə yayılmışdır.
Beynəlxalq Epizootik Büronun məlumatına görə, 2010-cu ildə Çində, Malaziyada, İndoneziyada, Koreyada, Tayvanda, Yunanıstanda, Albaniyada, Meksikada, Kolumbiyada, Venesuelada və keçmiş SSRİ respublikalarında geniş yayılmış, yoxlama apararkən quşçuluq təsərrüfatlarının 30%-dək xəstəliyin olması aşkar edilmişdir.
Xəstəliyin verdiyi iqtisadi zərər quşun ölümündən, peyvənd edilmiş sürüdə məhsuldarlığın 20-60%-ə qədər azalmasından, baytarlıq-sanitariya tədbirlərinə çəkilən xərcdən və karantin qoyulması ilə əlaqədar olaraq təsərrüfatın fəaliyyətinin pozulması nəticəsində dəyən böyük ziyandan ibarətdir.
Bundan başqa, nyukasl xəstəliyi digər xəstəliklərin gedişatını mürəkkəbləşdirir və ağır getməsinə səbəb olur.
ABŞ-da 2002-2003-cü illərdə nyukasl xəstəliyinin baş verməsi ilə əlaqədar 11 milyon quş tələf olmuş və xəstəliklə mübarizədə 56 milyon dollar sərf edilmişdir.
Böyük Britaniyada 2003-2005-ci illərdə bu xəstəliyin verdiyi ziyan 20 milyon funt sterlinq olmuşdur. Yaponiyada 2007-2008-ci illərdə bu xəstəliyin ləğv edilməsinə 150 milyon ien xərclənmişdir. Sinqapurda 2011-ci ildə xəstəliyin verdiyi zərər 34 milyon Amerika dollarına bərabər olmuşdur.
Nyukasl xəstəliyi bizim respublikaya Böyük Vətən müharibəsi dövründə gətirilmişdir (İ.Doraşko, 1946). Xəstəliyə qarşı 1945-1950-ci illərdə səmərəli vaksin olmadığına görə, o, respublikadakı quşların kütləvi xəstələnməsinə, tələf olmasına və məhv edilməsinə səbəb olmuşdur. 1950-ci ildə H və B1 ştammlarından hazırlanan vaksinlərin tətbiq edilməsi və baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsi nəticəsində qeyri- sağlam təsərrüfatların və tələf olan quşların miqdarı kəskin azalmışdır.