Belə hallarda həm ətlik, həm də yumurtalıq istiqamətli təsərrüfatlarda inkubasiyanı dayandıraraq, kəsim yaşda olan quşları dərhal, körpələri isə kəsim yaşına çatana qədər antibiotik və sulfanilamid preparatları verməklə bəsləyib, sonra kəsməklə ciddi mexaniki təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparmaq yolu ilə onları xəstəlikdən azad etmək olar.
Quşçuluq təsərrüfatlarının pasterellyozdan qorunması xəstəliyin ləğv edilməsindən və onların sağlamlaşdırılmasından qat-qat asan olmaqla çox ucuz başa gəlir. Bunun üçün mövcud baytarlıq-sanitariya qaydaları tədbirlərinə ciddi əməl etmək və ümumi profilaktik tədbirlər görmək lazımdır.
8.7 Quşların nyukasl xəstəliyi və ona qarşı mübarizə tədbirləri
Nyukasl xəstəliyi (yalançı taun, atipik taun, Asiya taunu) psevdopestis avium
Nyukasl quşların yüksək kontagioz virus xəstəliyi olmaqla respirator və visseral orqanların, mərkəzi əsəb sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir.
Tarixi məlumat: Xəstəlik ilk dəfə 1926-cı ildə İndoneziyada baş vermiş, az vaxtda 45 bölgə və şəhərdə yayılmaqla quşların 95-100%-nin ölümünə səbəb olmuşdur. Həmin ildə bu xəstəlik İngiltərənin Nyukasl şəhərində yaranmış və tezliklə ölkənin 11 bölgəsinə keçərək quşların 98-100%-nin ölümünə səbəb olmuşdur. A.Doel (1927) xəstəliyin virus tərəfindən törədildiyini müəyyən edərək onu “Nyukasl” xəstəliyi adlandırmışdır.
A.Doel nyukasl xəstəliyi virusunu quşların taun virusundan təfriq edərək müəyyən etmişdir
ki, nyukasl xəstəliyinə qarşı immuniteti olan quşlar taun virusu ilə həm təbii, həm də süni yoluxdurmaya həssasdırlar.