Mübarizə tədbirləri: Təsərrüfatda quşlar arasında pasterellyoz xəstəliyi baş verdikdə bu xəstəliklə mübarizə haqqında təlimata uyğun tədbirlər aparılır.
Xəstə, xəstəliyə şübhəli və zəif quşların hamısı seçilərək qansız üsulla öldürülərək yandırılır. Xəstəlik baş verən təsərrüfatda quşlara müalicəvi dozada dərman maddələri verilir. Müalicə nəticəsində xəstəlikdən sağalmış quşlar pasterella daşıyıcı qalaraq təhlükəli infeksiya mənbəyi olurlar. Ona görə də onların istismar dövrü başa çatdıqdan sonra kəsilməlidirlər.
Bina, həyət və əşyalar törədici ilə çirkləndiyinə görə epizootiki zənciri qırmaq üçün onları zərərsizləşdirmək, təmizləmək və dezinfeksiya etmək lazımdır. Bu məqsədlə, 5%-li əhəngli süddən, 1%-li xlorlu əhəng məhlulundan və natrium qələvisinin 50 0C-ə qədər qaynadılmış 3%-li məhlulundan istifadə etmək olar.
Quşlar saxlanan binanın havasını sistematik olaraq 5%-li süd turşusu, hər 1 m2-ə 2 q xlorlu əhəng və 0,5 ml skipidarla cücələr olan şəraitdə aerozol üsulla dezinfeksiya etmək lazımdır.
Epizootoloji zənciri qırmaq üçün quşlarda immunitet yaratmaq lazımdır. Ona görə də 60 gündən yuxarı yaşda olan quşlarda çıxdaş aparıldıqdan sonra dərman maddələri tətbiq olunmalıdır.
Xəstəliyin yayılmasının qarşısını 2 üsulla almaq olar: birinci üsulda xəstəlik baş verən təsərrüfatda quşların hamısı dərhal kəsilməli, ikinci üsulda isə xəstə və xəstəliyə şübhəli olan quşlar kəsilməli, qalan şərti sağlam quşlar isə müalicə edilməlidir. Hər iki üsulun səmərəli olmasını təmin etmək üçün törədicinin xarici mühitdə ləğv edilməsi məqsədilə bina, həyət və xidmət əşyalarının ciddi mexaniki təmizlənməsi və keyfiyyətli dezinfeksiya edilməsinin böyük əhəmiyyəti var. Bunlarla yanaşı, gəmiricilər və ekzoparazitlərə qarşı da səmərəli mübarizə tədbirləri yerinə yetirilməlidir. Kəsim sexində baytarlıq-sanitariya qaydalarına ciddi əməl etməklə onun qalıqları: qan, daxili orqanlar, tük və lələk zərərsizləşdirilməlidir.
Təsərrüfatı pasterellyoz xəstəliyindən müdafiə etmək üçün anac toyuqlar qrupunu sağlam cavan quşlarla komplektasiya edilməsinin həlledici əhəmiyyəti var. Bu məqsədlə inkubasiya üçün yumurtanı ancaq sağlam təsərrüfatdan götürməklə onu keyfiyyətli dezinfeksiya etmək, çıxan cücələrə isə aerozol üsulla dərman maddələri vermək lazımdır.
Pasterellyoz xəstəliyi istehsalatı qapalı dövriyədə olan sənaye tipli təsərrüfatlarda geniş yayıldıqda ancaq xəstəlik olan binalarda radikal tədbir aparmaqla onu ləğv etmək çox çətin olur.