Pasterella adi aminopeptidli serumlu və yumurtalı ƏPA-da bozumtul ağ rəngdə, yumru, qabarıq, şəffaf, kənarları hamar, diametri 2-3 mm koloniyalarla bitir. İlk boy qida mühitinin səthində nazik zərif qat şəklində də ola bilər. Zənginləşdirilmiş ƏPA-da pasterella zərif xırda, şəffaf şehvari koloniyalar əmələ gətirir.
ƏPB-da pasterella ilk 24-48 saat kultivasiyadan sonra mühiti bərabər bulandırır, 4-5-ci gündə bulyon tam durulur və dibini çalxalayanda saç şəklində qalxan xarakterik selikli çöküntü əmələ gəlir. Pasterellanı təfriq etmək üçün onu qiss qida mühitinə əkirlər.
Ayrılmış pasterella kulturasının virulentliyini təyin etmək üçün bioloji sınaq məqsədi ilə göyərçin, cücə və ya ağ siçanı yoluxdururlar. Göyərçini, yaxud 90-120 günlük cücələri 18-24 saat bulyon kulturasından 0,5 ml əzələ daxilinə vurmaqla yoluxdururlar. Onlar 18-72 saat müddətində ölürlər. Ölmüş cücələrdə selikli, serrozlu örtüklərdə, perikardda, ürək əzələsində qan sağıntıları, serrozlu perikardit, kataral hemoroji duodenit, qaraciyərdə boz nekroz düyünləri, bəzən perihepatit müşahidə olunur
Ağ siçanları 18-24 saatlıq bulyon kulturasından 0,2 ml dəri altına vurmaqla yoluxdururlar. Onlar 24-72 saat müddətinə ölürlər. Ölmüş ağ siçan yaxud cücənin patoloji materialından qida mühitlərinə əkilir və təmiz kultura alındıqda bioloji sınağın nəticəsi müsbət hesab olunur.
Uzun müddət antibiotiklər işlədilən təsərrüfatlarda pasterellyozun əlamətləri olmasına baxmayaraq, bakterioloji müayinədə virulentliyi zəif olan pasterellalar ayrılır.
Belə kulturaların patogenlik dərəcəsini müəyyən etmək üçün 1-2 günlük cücələr intraorbital, 90-120 günlük cücələr isə vena daxilinə yoluxdurulur. İntraorbital üsulla yoluxdurmaq üçün pasterellanın 1-2 günlük bulyon kulturasından 0,1 ml cücələrin gözünün xarici bucağına göz alması ilə orbital sümüyünün arasına vurulur. Cücələr üzərində 5 gün müşahidə aparılır. Xəstələnərək ölmüş cücələrdə qaraciyərin anemiyası, qan sağıntıları, ağciyərlərin şişməsi və pnevmoniyası müşahidə edilir. Daxili orqanlar və sümük iliyindən törədicinin kulturası ayrılır.
Vena daxilinə yoluxdurmaq üçün 90-120 günlük cücələrin qanadaltı venasına pasterellanın 18-24 saat bulyon kulturasından 1 ml yeridilir. Xəstəlik birinci 3 gün müddətində başlayır və 7-10 gün davam edir. Ölmüş cücələrdə iti pasterellyoz üçün xarakterik olan patoloji anatomik dəyişikliklər müşahidə edilir.