Kliniki nişanələri: Pasterellyozun kliniki nişanələri mikrobun virulentliyindən, törədicinin daxil olduğu yerdən, yoluxucu dozadan, yemləmə, saxlama şəraitindən, təsərrüfatda aparılan ümumi profilaktika tədbirlərinin xarakteri və səmərəsindən asılıdır.
Xəstəliyin inkubasiya (gizli) dövrü qısa olmaqla bir neçə saatdan 2-4 günə qədər çəkir. Xəstəlik iti, yarımiti və xroniki formada gedə bilər. Pasterellyozun iti formasında quş büzüşüb oturur, pipik və saqqalı göyərir, ağzından selik axır, xırıldayır, ishal gedir və susuzluq əlamətləri müşahidə olunur. Xəstəlik 3-4 gün çəkir. Yarımiti formada xəstəlik 5-10 gün çəkir. Xəstəliyin xroniki formasında xoruzların saqqalları şişir. Saqqal vərəqləri arasına eksudat toplanır, sonra o, bərkiyərək şorvari kütləyə çevrilərək nekroz əmələ gətirir. Şişən sahə deşilir, iyli kareoz kütlə axmağa başlayır. Bundan başqa, xəstə xoruzlarda əzginlik, yuxululuq, sinusit, konyuktivit və artirit əlamətləri müşahidə olunur. Xəstəlik 10-15 gün çəkməklə çox vaxt sağalma ilə nəticələnir, lakin saqqalın əvvəlki forması bərpa olunmur.
Xoruzlar arasında xəstəlik baş verdikdə onların mayalandırma qabiliyyəti zəifləyir. Ona görə də bu formada xəstəlik müşahidə olunan ferma, yaxud binada cücələrin çıxış faizi kəskin azalır.
Xroniki formada pasterellyozla xəstələnən toyuqlarda başın, çinədanın, gözaltı sinusların şişməsi, konyuktivit, sinovit və artrit əlamətləri yüngül keçir, əksər hallarda sağalırlar.
Patoloji anatomiki dəyişikləri: Pasterellyoz xəstəliyi iti formada keçəndə sepsislə xarakterizə olunan dəyişikliklər-bütün serozlu və selikli təbəqələrdə, dəridə, dərialtında, qarın piyində, ürək kisəsi və ürək əzələsində nöqtəvari qan sağıntıları müşahidə olunur. Perikard boşluğunda şəffaf yapışqanlı mayenin toplanması, həmçinin serozlu perikardit də iti forma üçün xarakterikdir.
Göstərilən dəyişiklərlə yanaşı, onikibarmaq bağırsaqda kataral- hemorroji iltihab və qaraciyərdə nekroz düyünləri müşahidə olunur. Körpə cücələrdə əsas nişanə iti pnevmaniyadır. Hinduşkalarda pasterellyozun iti formasında ağciyərlərin iki tərəfli krupozlu-fibrinozlu iltihabı (ağciyər toxuması bərkiyir, rəngi tünd qəhvəyi, səthində isə fibrinozlu çöküntü olur) əsas nişanədir.
Pasterellyozun yarımiti formasında xəstəlik 7-10 gün çəkdikdə quşlarda yuxarıda göstərilən dəyişikliklərdən başqa, fibrinozlu perikardit və perihepatit də müşahidə olunur.
Xroniki pasterellyozda əsas patoloji-anatomiki dəyişikliklər saqqalın, gözaltı sinusların, çənəaltı sahənin, ətraf oynaqlarının serozlu-hemorroji, yaxud fibrinozlu iltihabı hesab olunur.